
Bakı. Trend:
Sosial şəbəkələrin uşaqların sağlamlığı üçün müəyyən risklər
yaratdığı müxtəlif araşdırmalarla təsdiqlənib. Səhiyyə Nazirliyi
olaraq biz bu məsələni aparıcı mütəxəssislərlə, pediatrlarla,
psixiatrlarla və digər ekspertlərlə müzakirə etmişik. Burada
Səhiyyə Nazirliyinin mövqeyini deyil, daha çox mütəxəssislərin
rəyinə əsaslanan həkim mövqeyini səsləndirmək istəyirəm.
Trend xəbər
verir ki, bunu səhiyyə nazirinin müavini İlqar Qasımov Milli
Məclisin üç komitəsinin bugünkü birgə iclasında deyib.
Onun sözlərinə görə, “zərərlidirmi və qadağa lazımdırmı” sualına
cavab tapmaq lazımdır.
“Aparılan tədqiqatlar müəyyən problemlərin mövcud olduğunu
göstərir. Burada əsas məsələ uşaqların real həyatdan
uzaqlaşmasıdır. Biz bilirik ki, əvvəlki nəsillər daha çox real
sosial münasibətlər içərisində formalaşıb. Sosial şəbəkələr isə
insan beynində mükafatlandırma mexanizmlərini işə salır, dopamin
ifrazını artırır və nəticədə asılılıq yarada bilir. Bu, həqiqətən
də ciddi problemdir və onun sadə həlli yoxdur.
Mütəxəssislərin ümumi fikri ondan ibarətdir ki, yaş
məhdudiyyətlərinin tətbiqi, valideyn nəzarətinin gücləndirilməsi və
istifadə vaxtının tənzimlənməsi vacibdir. Müxtəlif proqramlar
vasitəsilə bu nəzarətin həyata keçirilməsi mümkündür.
Eyni zamanda nəzərə almaq lazımdır ki, 16 yaşdan sonra uşaqlar
daha sərbəst şəkildə rəqəmsal mühitdən istifadə etməyə başlayırlar.
Bundan başqa, xüsusi həssas qruplar da mövcuddur. Məsələn, autizm
spektrində olan və ya sosial baxımdan daha qapalı uşaqlar üçün
sosial şəbəkələr müəyyən hallarda ünsiyyət vasitəsinə çevrilə
bilir. Ona görə də bu məsələlərə fərdi yanaşmaq lazımdır.
Sonda qeyd etmək istəyirəm ki, müəyyən məhdudiyyətlərin tətbiqi
vacibdir və bəlkə də dünya miqyasında bu addımlar bir qədər gec
atılıb. Lakin uşaqların vəziyyətini qiymətləndirərkən ilk növbədə
ailənin və valideynlərin rolunu nəzərə almaq lazımdır.
Bir daha vurğulamaq istəyirəm ki, autizmli və digər həssas
qruplara aid uşaqlar xüsusi diqqət tələb edir. Əgər müəyyən
qadağalar tətbiq olunursa, onların alternativləri də təqdim
edilməlidir. Bu, idman fəaliyyətləri, məktəbdənkənar məşğələlər və
ya digər sosial fəaliyyətlər ola bilər.
Dövlət öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir, lakin
bütün məsuliyyəti dövlətin üzərinə qoymaq da doğru olmaz. Uşağın
inkişafında əsas rol valideynə məxsusdur. Valideyn övladı ilə
məşğul olmalı, ona nümunə göstərməli və düzgün
istiqamətləndirməlidir”, – nazir müavini qeyd edib.

