Aşuranın vaxtı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu il Aşura günü iyunun 25-nə təsadüf edir.

Bunu Trend
açıqlamasında ilahiyyatçı alim, QMİ-nin məsul əməkdaşı Samid
Quliyev bildirib.

Onun sözlərinə görə, iyunun 16-sı Azərbaycan ərazisində Məhərrəm
ayının ilk günüdür.

“Bu tarix eyni zamanda hicri-qəməri təqvimi ilə 1448-ci ilin
başlanğıcı hesab edilir. İslam tarixində xüsusi əhəmiyyətə malik
olan Məhərrəm ayı hicri-qəməri təqviminin ilk ayıdır və müsəlmanlar
üçün mənəvi dəyərlər, fədakarlıq, səbir və iman nümunələrinin
xatırlandığı mühüm zaman kəsiyidir. Bu ay insanları öz mənəvi
dünyalarına nəzər salmağa, xeyirxahlıq və mərhəmət hisslərini daha
da gücləndirməyə çağırır”, – o bildirib.




İlahiyyatçı alim qeyd edib ki, Məhərrəm ayının ən mühüm
günlərindən biri Aşura günüdür.

“Bu il Aşura günü 25 iyun 2026-cı il tarixinə təsadüf edir.
Aşura günü İslam tarixinin ən kədərli və eyni zamanda ən şərəfli
hadisələrindən biri sayılan Kərbəla faciəsi ilə bağlıdır. Hicri
61-ci ildə baş vermiş bu hadisə zamanı Peyğəmbər (s) nəvəsi İmam
Hüseyn və onun silahdaşları haqq, ədalət və mənəvi dəyərlər uğrunda
şəhid olmuşlar. Kərbəla hadisəsi əsrlər boyu müsəlmanların
yaddaşında zülmə qarşı mübarizənin, haqq yolunda dönməzliyin və
mənəvi qəhrəmanlığın simvolu kimi yaşamaqdadır. Bu səbəbdən
Məhərrəm ayı həm də insan ləyaqətinin, vicdan azadlığının və ədalət
uğrunda mübarizənin təcəssümü kimi dəyərləndirilir”, – ilahiyyatçı
alim vurğulayıb.

“Azərbaycanda Məhərrəm ayı boyunca məscidlərdə və dini
məkanlarda müxtəlif mərasimlər, moizələr və dini-maarifləndirici
tədbirlər təşkil olunur. Möminlər Kərbəla şəhidlərinin xatirəsini
yad edir, birlik, həmrəylik və mənəvi kamillik ideyalarını təbliğ
edirlər. Xüsusilə Aşura günü ehtiyacı olan insanlara yardım
göstərilməsi, qanvermə aksiyalarında iştirak və xeyriyyəçilik
fəaliyyəti kimi humanist təşəbbüslər geniş şəkildə dəstəklənir”, –
o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir