Azərbaycanla Çin arasında ticarət dövriyyəsi artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Çin arasında ticarət
əməliyyatlarının həcmi 1,514 milyard ABŞ dolları təşkil edib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 86,9 milyon ABŞ dolları və ya 6,1% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi
ticarət dövriyyəsinin 8,70%-i həcmində olub. Bununla da Çin
Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr sırasında
4-cü pillədə qərarlaşıb.

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Çinə 40,034 milyon
dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə
müqayisədə 15,002 milyon ABŞ dolları və ya təqribən 1,6 dəfə
çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 1,474 milyard ABŞ dolları
dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin
eyni dövrü ilə müqayisədə 71,9 milyon ABŞ dolları və ya 5,1% artım
deməkdir.




Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə
17,403 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,
ötən ilin eyni dövrünə nisbətən 485 milyon dollar və ya 2,9%
çoxdur.

Xarici ticarət dövriyyəsinin 11,9 milyard ABŞ dolları ixracın,
5,5 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac
3,1 milyard ABŞ dolları və ya 35,2% artıb, idxal isə 2,6 milyard
ABŞ dolları və ya 32,1% azalıb.

Yekunda xarici ticarətdə 6,354 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə 5,7 milyard ABŞ dolları və ya 9,7 dəfə çoxdur.

Ümumilikdə Azərbaycan ilə Çin arasında iqtisadi-ticarət
əlaqələri dinamik inkişaf edir. İkitərəfli əməkdaşlıq yalnız
ticarətlə məhdudlaşmır. Son dövrlərdə maliyyə sektoru, kapital
bazarları, ödəniş sistemləri, enerji, geoloji kəşfiyyat və kənd
təsərrüfatı sahələrində də əlaqələr genişlənir. Bu çərçivədə
Azərbaycan Mərkəzi Bankı ilə Çin Sənaye və Ticarət Bankı (ICBC)
arasında əməkdaşlıq perspektivləri müzakirə olunub, SOCAR və Çinin “BGP Inc.” şirkəti isə birgə layihələrin həyata keçirilməsi və
tərəfdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam
etdirir.

Bundan əlavə, Azərbaycanın fındıq və badam məhsullarının Çin
bazarına çıxışı ilə bağlı əldə olunan razılaşmalar iki ölkə
arasında qeyri-neft ixracının artırılması baxımından mühüm
əhəmiyyət daşıyır.

Azərbaycan və Çin arasında əməkdaşlığın vacib istiqamətlərindən
biri də Orta Dəhlizin inkişafıdır. Azərbaycanın strateji coğrafi
mövqeyi və nəqliyyat-logistika imkanları Çini Avropa bazarları ilə
birləşdirən bu marşrutun əhəmiyyətini artırır. Son illərdə
Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
və digər nəqliyyat infrastrukturu layihələri çərçivəsində
əməkdaşlığın genişlənməsi Orta Dəhliz üzrə yükdaşımaların həcminin
artmasına və regionun tranzit potensialının güclənməsinə töhfə
verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir