
Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Amerika Birləşmiş
Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 338,609
milyon ABŞ dolları təşkil edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 122,4 milyon ABŞ dolları və ya 26,5% azdır.
Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi
ticarət dövriyyəsinin 1,95%-i həcmində olub.
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan ABŞ-yə 27,7 milyon
dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə
müqayisədə 3,7 milyon ABŞ dolları və ya təqribən 15,3% çoxdur.
Hesabat dövründə Azərbaycan Amerika Birləşmiş Ştatlarından 310,9
milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki,
bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 126,1 milyon ABŞ
dolları və ya 28,8% azalma deməkdir.
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə
17,403 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,
ötən ilin eyni dövrünə nisbətən 485 milyon dollar və ya 2,9%
çoxdur.
Xarici ticarət dövriyyəsinin 11,9 milyard ABŞ dolları ixracın,
5,5 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac
3,1 milyard ABŞ dolları və ya 35,2% artıb, idxal isə 2,6 milyard
ABŞ dolları və ya 32,1% azalıb.
Yekunda xarici ticarətdə 6,354 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə 5,7 milyard ABŞ dolları və ya 9,7 dəfə çoxdur.
Ümumilikdə Azərbaycanla ABŞ iqtisadi əlaqələri müsbət
istiqamətdə inkişaf etməkdədir. Buna misal olaraq qarşılıqlı
görüşlərin təşkili və müvafiq sazişlərin imzalanmasını qeyd edə
bilərik. Belə ki, Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət
Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası
Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji
Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq Azərbaycan-ABŞ İqtisadi
Dialoqunun ilk iclası keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin
iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orrun
həmsədrliyi ilə keçirilən tədbirdə hər iki ölkənin dövlət
qurumları, beynəlxalq maliyyə institutları və özəl sektorun
nümayəndələri iştirak ediblər.
Azərbaycan-ABŞ münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini
vurğulayan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: “Strateji
Tərəfdaşlıq Xartiyası iqtisadi əməkdaşlığımızın
möhkəmləndirilməsində mühüm rol oynayır. Beynəlxalq Sülh və Rifah
üçün Tramp Marşrutu (TRIPP) və Orta Dəhliz vasitəsilə ticarət
əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyinin
gücləndirilməsi, kritik minerallar üzrə təchizat zəncirlərinin
inkişafı, eləcə də nəqliyyat, logistika və rəqəmsal infrastruktur
sahələrində yeni investisiya imkanlarının araşdırılması üçün
əhəmiyyətli perspektivlər mövcuddur. Birgə layihələrin
müəyyənləşdirilməsi, işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi
və qarşılıqlı faydalı təşəbbüslərin həyata keçirilməsi üzrə
konstruktiv dialoq ikitərəfli əməkdaşlığa töhfə verəcək”.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında
biznes, ticarət və iqtisadi investisiyalar sahəsində ikitərəfli
imkanların genişləndirilməsinə sadiq olduqlarını vurğulayan ABŞ
Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə
köməkçisi Keyleb Orr bildirib: “Bu istiqamət ABŞ-nin
Vitse-Prezidenti Cey Di Vens və Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən bu ilin fevral ayında Bakıda
imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının əsas prioritetlərindən
biridir. Dialoq çərçivəsində müzakirə olunacaq layihə və
təşəbbüslərin nəticələri, eləcə də ikitərəfli iqtisadi
münasibətlərin daha da gücləndirilməsi üçün mövcud imkanlar
Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlığın inkişafına təkan
verəcək”.
Birinci İqtisadi Dialoq çərçivəsində regional bağlantılar,
ticarət və tranzit, enerji təhlükəsizliyi, investisiyalar, süni
intellekt və rəqəmsal infrastruktur mövzularına həsr olunmuş panel
sessiyalar keçirilib. İlk sessiyada Beynəlxalq Sülh və Rifah üçün
Tramp Marşrutu (TRIPP), Orta Dəhliz, regional logistika
imkanlarının genişləndirilməsi, Azərbaycanın investorlar üçün
əlverişli biznes mühiti, eləcə də ölkənin Avropa və Mərkəzi Asiya
ilə artan əlaqələrinin ABŞ şirkətləri üçün yaratdığı yeni imkanlar
müzakirə olunub.
Enerji təhlükəsizliyi üzrə sessiyada Cənub Qaz Dəhlizinin
inkişafı, elektrik bağlantıları və enerji istehsalının artırılması
istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Təchizat
zəncirlərinin diversifikasiyası, kritik mineral təchizat
zəncirlərinin şaxələndirilməsi və digər sahələrdə tərəfdaşlıq
məsələləri müzakirə olunub.
İqtisadi investisiyalar üzrə paneldə hər iki xalqın qarşılıqlı
rifahına xidmət edən iqtisadi layihələrin, o cümlədən nəqliyyat və
logistika, enerji və rəqəmsal texnologiyalara ikitərəfli
investisiyaların təşviqi məsələləri müzakirə olunub. Həmçinin,
investorlar üçün təşviq mexanizmlər, üstünlüklər və əlverişli
hüquqi rejim təklif edən Ələt Azad İqtisadi Zonası daxil olmaqla
müxtəlif istiqamətlərdə ABŞ investisiyalarının təşviqi imkanları
diqqət mərkəzində olub.
Süni intellekt və rəqəmsal infrastruktur üzrə müzakirələrdə
ABŞ-nin yüksək texonolji həlləri barədə məlumat verilib. Data
mərkəzləri, süni intellekt texnologiyalarının tətbiqi istiqamətində
əməkdaşlıq, tənzimləyici çərçivələrin inkişafı və bu sahədə gələcək
tərəfdaşlıq nəzərdən keçirilib. İclas çərçivəsində tərəflər
iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı
investisiyaların təşviqi və innovativ layihələrin dəstəklənməsinin
əhəmiyyətini vurğulayıblar.
Tədbir çərçivəsində həmçinin biznes dairələri ilə görüş
keçirilib, özəl sektor arasında əməkdaşlığın inkişafı və yeni
tərəfdaşlıqların qurulmasının əhəmiyyəti qeyd olunub.
Tədbirin sonunda bu il Bakının ABŞ-nin II Dünya Süni İntellekt
Həftəsinə ev sahibliyi edəcəyi elan olunub. İqtisadiyyat naziri
Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes
məsələləri üzrə köməkçisi Keyleb Orrun iştirakı ilə Azərbaycanda
rəqəmsal infrastrukturun yaradılması, texnologiya transferi və
səmərəli sənaye həllərinin tətbiqi sahələrində bir sıra sənədlər və
Dialoqun Protokolu imzalanıb.

