
Bakı.Trend:
Bakı şəhərinin Sabunçu rayonu ərazisində piyadanın ölümü ilə
nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzindən Trend-ə verilən məlumata görə, hadisə iyunun 6-da
axşam saatlarında Heydər Əliyev prospektində, “Sabunçu” körpüsünün
qarşısında baş verib.
Belə ki, hərəkətin intensiv olduğu çoxzolaqlı yolu keçməyə
çalışan piyada minik avtomobili tərəfindən vurulub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını
itirib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara müraciət
edərək bildirib ki, keçidlərin yaxınlığında və xüsusilə çoxzolaqlı
yollarda müəyyən edilməmiş yerlərdən yolu keçmək ağır nəticələrə
səbəb ola bilər. Vətəndaşlara yolu yalnız piyada keçidlərindən
istifadə etməklə keçmək tövsiyə olunub.
Eyni zamanda sürücülərə sükan arxasında diqqətli olmaq, yol
hərəkəti qaydalarına və sürət həddinə ciddi əməl etmək çağırışı
edilib.

