Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

Baş səhifə

Bakı. Trend:

8 iyun 2026-cı il tarixində Bakcell baş icraçı direktor
vəzifəsinə yeni təyinatla bağlı rəsmi məlumat yayıb.
Telekommunikasiya sahəsində 35 ildən artıq beynəlxalq təcrübəyə
sahib Qunnar Panke şirkətin baş icraçı direktoru vəzifəsinə təyin
olunub.

Qunnar Panke telekommunikasiya sektorunda müştəriyönümlü biznes
transformasiyası, strateji inkişaf və dayanıqlı artım
istiqamətlərində geniş təcrübəyə malikdir. O, Azərbaycan, Almaniya,
Fransa, Rumıniya və digər ölkələrin aparıcı telekommunikasiya
şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Qunnar Panke Fransanın Poitiers Universitetində strateji
idarəetmə üzrə fəlsəfə doktoru (PhD) dərəcəsinə, həmçinin ENSPTT
Universitetinin MBA dərəcəsinə sahibdir. Bundan əlavə, o, INSEAD
(Fransa), Oksford Universiteti (İngiltərə), London Biznes Məktəbi
(İngiltərə), IE (Madrid), ESMT (Almaniya) və Darden Biznes Məktəbi
(ABŞ) kimi dünyanın nüfuzlu ali təhsil müəssisələrində rəhbərlik
proqramlarını uğurla tamamlayıb.

“Ölkənin rəqəmsal inkişafında mühüm rol oynayan Bakcell-ə
təyinatım mənim üçün böyük məsuliyyət və şərəfdir. Məqsədim
innovasiya, süni intellekt və müştəriyönümlü həllər vasitəsilə
abunəçilərimiz üçün daha çox dəyər yaratmaqla, Bakcell-in
telekommunikasiya sektorundakı mövqeyini daha da gücləndirmək və
ölkənin rəqəmsal inkişafında strateji rolunu genişləndirməkdir”, –
deyə Qunnar Panke vurğulayıb.




Yeni təyinat Bakcell-in müştəriyönümlü innovasiya, süni
intellekt və rəqəmsal xidmətlər istiqamətində uzunmüddətli strateji
prioritetlərinin daha da sürətləndirilməsinə təkan verəcək. Qunnar
Pankenin rəhbərliyi ilə şirkət müştəri təcrübəsinin daha da
təkmilləşdirilməsi və süni intellekt əsaslı həllərin tətbiqinin
genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya
şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini
yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin
edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ
həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən
NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan
Azerconnect Group-a daxildir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir