Parlamentdə komitələrin birgə iclası və ictimai dinləmə keçirilib

Baş səhifə

Bakı. Trend:

İyunun 8-də Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq
məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə
iclası və ictimai dinləmə keçirilib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması
haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi
birinci oxunuşda müzakirəyə çıxarılıb.

İclası açan İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim
edilən qanun layihəsinin mühüm əhəmiyyətini nəzərə alaraq,
məsələnin daha geniş formatda – ictimai dinləmə şəklində
müzakirəsinə yaradılan şəraitə və verilən dəstəyə görə Milli
Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü ifadə edib.

Komitə sədri uşaqların rəqəmsal məkanda hüquqlarının qorunmasını
təmin edən qanun layihəsinin həm parlamentarilər, həm də dövlət və
hökumət nümayəndələri, media, müvafiq təhsil, səhiyyə orqanlarının
təmsilçiləri ilə birlikdə müzakirəsinin təqdirəlayiq olduğunu
deyib. O, Milli Məclisin son illərdə uşaqların rəqəmsal mühitdə
zərərli informasiyadan qorunmasına dair ardıcıl və sistemli
qərarlar qəbul etdiyini, bu gün təqdim edilən yeni qanun
layihəsinin bu siyasətin davamı olduğunu bildirib. Komitə sədri
rəqəmsal platformalara qoşulmanın yaş həddinin qanunla
tənzimlənməsi ilə bağlı bir sıra dünya ölkələrinin mövcud
təcrübələrini diqqətə çatdırıb. Qeyd olunub ki, dünya üzrə uşaq
sosial media istifadəsinin statistikasını göstərən Ümumdünya
Səhiyyə Təşkilatının hesabatına görə, yeniyetmələrin 35 faizi bir
gündə orta hesabla 5 saatdan çox vaxtını telefonda keçirir.
Təşkilat 2019-cu ildən oyun asılılığını rəsmi xəstəlik kimi
siyahısına daxil edib. Azərbaycan uşaqları ilə bağlı göstəricilərə
toxunan komitə sədri, ötən il aparılan sorğuya əsasən, 10-17 yaş
arasında uşaqların 89 faizinin smartfon istifadəçisi olduğunu,
onların 76 faizinin gündəlik olaraq sosial media platformalarından
istifadə etdiyini, eyni zamanda, sosial media asılılığının ailə
büdcəsinə də təsir etdiyini söyləyib.

Müzakirəyə təqdim edilən qanun layihəsi ilə bağlı fikirlərini
bölüşən Zahid Oruc bildirib ki, layihədə 16 yaşadək uşaqların
fiziki və psixoloji sağlamlığının mühafizəsi, onların müxtəlif
sövqedici və təhrikedici çağırışlardan qorunması məqsədilə sosial
şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum
rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən olunur. Yeni normaya
görə platforma provayderləri yoxlama mexanizmlərini, yəni bank
kartı, elektron poçt, mobil nömrə əsaslı yaş doğrulama üsullarını
tətbiq etməlidirlər. 16-18 yaş qrupu üçün fərqli – daha çevik,
lakin nəzarətli mexanizm müəyyən olunur. Bu yaş qrupunda
yeniyetmələr valideynin razılığı ilə platformalarda hesab yarada
bilərlər. Fərdi məlumatların kənar şəxslərə ötürülməsi yolverilməz
hesab edilir. Komitə sədri 2025-ci ilin dekabr ayında aparılan
sorğunun nəticələrinə əsasən, ölkəmizdə insanların 87,3 faizinin 16
yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi
ilə bağlı təklifləri dəstəklədiklərini, yəni bunun sosial sifariş
olduğunu vurğulayıb.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran
Hüseynova çıxış edərək, informasiya-kommunikasiya
texnologiyalarının dövrümüzün ən vacib tələblərindən biri olduğunu
qeyd edib. O, bildirib ki, ölkə başçısı İlham Əliyevin öz
çıxışlarında bildirdiyi kimi, hər bir dövlətin uğurlu inkişafı
texnoloji təminata əsaslanır. Dövlətimiz tərəfindən həyata
keçirilən rəqəmsal inkişaf, innovasiya siyasəti prioritet
məsələlərdəndir. Bu sahədə müvafiq strateji sənədlər, normativ
hüquqi aktlar, fəaliyyət planları qəbul edilir, institusional
mexanizmlər formalaşdırılır.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda uşaqların müdafiəsi
yüksək səviyyədə təmin olunur, onların sağlam inkişafı,
təlim-tərbiyəsi, bilik və bacarıqlarının artırılması üçün imkanlar
yaradılır. Uşaqlara qayğı Prezident İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzindədir.
Uşaqların zərərli təsirlərdən qorunması, onların sağlam böyüməsi
üçün hərtərəfli şəraitin yaradılması və dəstəyin verilməsi dövlətin
sosial siyasətinin tərkib hissəsidir. Hazırda sosial şəbəkələrin
həyatın ayrılmaz hissəsi olduğu bir dövrdə, uşaqların psixoloji
sağlamlığı üçün nəzarətsiz istifadənin qarşısının alınması vacib
məsələlərdəndir.

Hicran Hüseynova bildirib ki, bu gün müzakirə olunan qanun
layihəsi uşaqları kibertəhdidlərdən, zorakılıqdan, zərərli
məzmundan və zehni sağlamlığa mənfi təsirlərdən qorumaq məqsədi
daşıyır. Ölkəmizdə uşaqların yaşına uyğun informasiya əldə etmək
hüququnun həyata keçirilməsi ilə əlaqədar onların zərərli
informasiyadan qorunması tədbirlərinin müəyyən edildiyini, bu
sahədə yaranan münasibətlərin tənzimləndiyini söyləyən komitə
sədri, bu prosesin davamı olaraq, indiki dövrdə bu məsələlərin
sosial şəbəkələrdə həllinə yönəlmiş addımların atılmasının
vacibliyindən bəhs edib.

Sonra çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynli təqdim olunan qanun layihəsinin rəqəmsal mühitdə
uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial
şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması,
habelə platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin
təkmilləşdirilməsinə xidmət etdiyini söyləyib.

O, bildirib ki, layihəyə əsasən, İnzibati Xətalar Məcəlləsinə
yaş həddi tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti
ilə bağlı tələblərin pozulmasına dair yeni 388-4-cü maddənin əlavə
edilməsi təklif olunur. Komitə sədri dispozisiyada müvafiq
qanunvericiliyin pozulmasına görə cərimə sanksiyalarının tətbiqinin
nəzərdə tutulduğunu deyib. Cərimə sanksiyalarının subyektinin
vəzifəli şəxslər və hüquqi şəxslər olduğunu, sanksiyaların törədilə
biləcək xətaya adekvat olduğunu qeyd edib.

Tədbirdə layihə ilə bağlı İnsan hüquqları üzrə müvəkkil
(ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil nazirinin
müavini Firudin Qurbanov, səhiyyə nazirinin müavini İlqar Qasımov
və rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov,
Tibb Universitetinin rektoru Gəray Gəraybəyli çıxış edərək təmsil
etdikləri qurumların qanun layihəsinə dair mövqeyini, həmçinin
təklif olunan dəyişikliklərin əhəmiyyəti ilə bağlı fikirlərini
bölüşüblər.

Çıxışlarda bildirilib ki, rəqəmsal texnologiyaların sürətli
inkişafı və geniş tətbiqi uşaqların zərərli təsirlərə məruz
qalmasına və sağlamlıqları baxımından yeni risk və təhlükələrlə
üzləşməsinə səbəb olur. Aparılan araşdırmalar son illərdə uşaqlar
arasında geniş yayılmış sosial şəbəkələrin, interaktiv
platformaların və onlayn oyunların onların fiziki, psixoloji və
emosional inkişafına mənfi təsir göstərə bildiyini ortaya qoyur.
Uşaqların internetdən istifadəsinə qoyulan yaş hədlərinin isə bir
çox hallarda formal xarakter daşıması, effektiv nəzarət
mexanizmlərinin yetərincə olmaması və digər boşluqlar uşaqların
hüquqlarının pozulması riskini artırır. Qeyd olunub ki, bu şərait
uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi, onların
zərərli məzmunlardan qorunması və sağlamlıqlarının müdafiəsi
istiqamətində daha təsirli hüquqi və institusional mexanizmlərin
yaradılmasını zəruri edir.

Bildirilib ki, təqdim olunan qanun layihəsi də məhz bu
məqsədlərə xidmət edir. Layihədə sosial şəbəkə platformalarının
fəaliyyətinin tənzimlənməsi, onların məsuliyyətinin artırılması,
uşaqların fərdi məlumatlarının daha etibarlı qorunması və zərərli
məzmunun yayılmasının qarşısının alınması ilə bağlı hüquqi
mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.

Çıxışçılar qanun layihəsinin hazırlanmasında müxtəlif dövlət
qurumlarının iştirak etdiyini, beynəlxalq təcrübənin öyrənildiyini
və aidiyyəti qurumların təkliflərinin nəzərə alındığını
vurğulayıblar. Bildirilib ki, hazırda dünyanın bir çox ölkəsində
olduğu kimi, Azərbaycanda da uşaqların rəqəmsal mühitdə zərərli
təsirlərdən qorunmasına yönəlmiş qanunvericilik və müdafiə
mexanizmləri müasir çağırışlara uyğun şəkildə təkmilləşdirilir.

Müzakirələr zamanı xüsusi vurğulanıb ki, bu sahədə qarşıya
qoyulan məqsədlərə nail olmaq üçün dövlət qurumlarının birgə
fəaliyyəti ilə yanaşı, valideynlərin, ailələrin, təhsil
müəssisələrinin və bütövlükdə cəmiyyətin fəal iştirakı vacibdir.
Əsas məqsəd uşaqları rəqəmsal mühitin təhlükələrindən qorumaqla
yanaşı, onların müasir texnologiyaların yaratdığı imkanlardan
təhlükəsiz və səmərəli şəkildə faydalanmasına şərait yaratmaqdır.
Bu isə yalnız bütün maraqlı tərəflərin birgə əməkdaşlığı və
məsuliyyətli yanaşması nəticəsində mümkün ola bilər.

Daha sonra məsələ ilə bağlı aparılan müzakirələrdə Milli
Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini
Jalə Əliyeva, deputatlar Azər Allahverənov, Erkin Qədirli, “Təmiz
Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban
Zeynalova, “Qadın və Uşaqların Təhsilinə Dəstək” İctimai Birliyinin
sədri Sevinc Abdullayeva, “Ümidli Gələcək” Sosial Təşəbbüslər
İctimai Birliyinin rəhbəri Kəmalə Aşımova, Azərbaycan Mətbuat
Şurasının sədri Rəşad Məcid, Medianın İnkişafı Agentliyinin icraçı
direktorunun müavini Natiq Məmmədli, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət komitəsinin Hüquq təminatı şöbəsinin müdiri
Taliyə İbrahimova çıxış edərək öz fikirlərini və təkliflərini
səsləndiriblər.

Çıxışlarda qeyd olunub ki, sənəd uşaqların zərərli kontent,
kibertəzyiq, onlayn asılılıq, dezinformasiya və digər mənfi
təsirlərdən qorunmasının təmin edilməsinə xidmət edəcək. Vurğulanıb
ki, bu sənəd rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin
gücləndirilməsinə, onların hüquq və mənafelərinin daha etibarlı
şəkildə müdafiəsinə mühüm töhfə olacaq.

Müzakirələrin sonunda rəqəmsal inkişaf və nəqliyyat nazirinin
müavini Rəşad Həsənov qaldırılan məsələlərə aydınlıq gətirib.

İclasın yekununda qanun layihəsi birinci oxunuşda Milli Məclisin
plenar iclasına tövsiyə edilib.

Tədbirdə Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq
məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin
üzvləri, parlament Aparatının təmsilçiləri, aidiyyəti dövlət
qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər
rəsmi şəxslər iştirak ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir