
Bakı.Trend:
Goranboy rayonunda ölümlə və xəsarətlərlə nəticələnən ağır
yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in
məlumatına görə, hadisə iyunun 8-də saat 13:00 radələrində baş
verib.
Belə ki, 1953-cü il təvəllüdlü Goranboy rayon sakini Səməndər
Yunis oğlu Cəfərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə
Səmədəbad–Əhmədabad avtomobil yolunun Goranboy rayonunun Səmədabad
kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolun əks
istiqamətinə çıxıb. Nəticədə avtomobil qarşıdan gələn, 1940-cı il
təvəllüdlü Goranboy rayon sakini Şahbaz İsmayıl oğlu Qarayevin
idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub.
Qəza zamanı “VAZ 2106”nın sürücüsü Şahbaz Qarayev və “VAZ
2107”də sərnişin olan, 1969-cu il təvəllüdlü Goranboy rayon sakini
Rza Yəhya oğlu Qasımov aldıqları xəsarətlərdən hadisə yerində
ölüblər.
Hadisə nəticəsində “VAZ 2107”nin sürücüsü Səməndər Cəfərov sağ
bazu sümüyünün sınığı xəsarəti alıb. Bundan başqa, “VAZ 2106”da
sərnişin olan 1942-ci il təvəllüdlü Gülarə Məhəmməd qızı Hüseynova
sol bud sümüyünün sınığı, “VAZ 2107”də olan sərnişinlər – 1994-cü
il təvəllüdlü Gülsanə Fehruz qızı Tağıyeva hər iki baldır
sümüyünün, 1967-ci il təvəllüdlü Mətanət Yəhya qızı Əliyeva isə sol
baldır sümüyünün sınığı xəsarətləri alıblar.
Faktla bağlı istintaq aparılır.

