
2025-ci ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 129,1 milyard manata çatıb, dövlət büdcəsi isə profisitlə icra olunub.
Modern.az məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazirin sözlərinə görə, ötən il ölkə iqtisadiyyatında müsbət dinamika davam edib. ÜDM 129,1 milyard manata çataraq 2024-cü illə müqayisədə real ifadədə 1,4 faiz, nominal ifadədə isə 2 faiz artıb. Qeyri-neft-qaz sektoru üzrə ÜDM isə 92,3 milyard manat olub ki, bu da əvvəlki illə müqayisədə 2,7 faiz real artım deməkdir.
Sahil Babayev bildirib ki, 2025-ci ildə xam neftin bir barelinin orta illik qiyməti 71 dollar, orta illik inflyasiya isə 5,6 faiz təşkil edib. Manatın məzənnəsi il ərzində sabit qalaraq 1 ABŞ dollarına qarşı 1,7 manat səviyyəsində olub.
Nazir qeyd edib ki, əhalinin nominal gəlirləri ötən il 8 faiz artıb:
“Bu göstərici inflyasiya səviyyəsini üstələyir və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm nəticə hesab oluna bilər”.
S.Babayev dövlət borcunun da azalma tendensiyası nümayiş etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, 2026-cı il yanvarın 1-nə dövlət borcu 26 milyard manat və ya ÜDM-in 20,1 faizi səviyyəsində olub. Bu, 2025-ci ilin əvvəli ilə müqayisədə 1,6 faiz bəndi azdır.
“2026-cı il iyunun 1-nə dövlət borcu 24,1 milyard manata və ya ÜDM-in 18,4 faizinə bərabərdir. Bu göstərici Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbətinə görə dünyanın ən aşağı göstəriciyə malik ölkələrindən biri olduğunu göstərir”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, 2026-cı il yanvarın 1-nə borc portfeli 17,8 milyard manat daxili dövlət borcu və 8,2 milyard manat xarici dövlət borcundan ibarət olub. İyunun 1-nə isə bu rəqəmlər müvafiq olaraq 16,2 milyard manat və 7,9 milyard manat təşkil edib.
Nazir dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığının azaldığını da diqqətə çatdırıb:
“İstiqrazların orta ödəmə müddəti il ərzində 2,2 dəfə artaraq 3,3 ilə çatıb. Hazırda bu göstərici 3,83 ildir. Eyni zamanda, portfeldə 5 il və daha uzunmüddətli istiqrazların payı 0,6 faizdən 49 faizə yüksəlib”.
Sahil Babayev bildirib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il iyunun 1-nə 88,4 milyard dollara çatıb:
“Bu vəsait xarici dövlət borcunu 19,2 dəfə üstələyir. Bu da ölkənin maliyyə dayanıqlığının mühüm göstəricilərindən biridir”.
Nazir əlavə edib ki, 2025-ci ildə Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təxminən 8,5 milyard dollar həcmində icra olunub və bu göstərici proqnoza uyğun olub.
“Orta müddətli dövrdə məqsədimiz büdcənin neft gəlirlərindən asılılığını azaltmaqdır. Bu çərçivədə 2029-cu ilədək transfertlərin 6 milyard dollara endirilməsi nəzərdə tutulur”, – deyə o qeyd edib.
S.Babayev dövlət büdcəsinin profisitlə icra edildiyini də vurğulayıb. Onun sözlərinə görə, gəlirlərin proqnozdan artıq icrası və xərclərin səmərəli idarə olunması nəticəsində müsbət büdcə saldosu formalaşıb.
Nazir bildirib ki, cari xərclərin qeyri-neft gəlirləri hesabına maliyyələşdirilməsi səviyyəsi artıq 92 faizə çatıb və bu göstəricinin 2029-cu ildə 100 faizə çatdırılması hədəflənir.

