
Bakı. Trend:
Yaxın illərdə “click-to-pay” kimi yeni texnologiyalar və
“invisible payment” adlandırılan görünməz ödəniş sistemləri maliyyə
sektorunda əsas trendlərdən birinə çevriləcək.
Trend xəbər
verir ki, bunu ABB Bankın Ofis rəhbəri Mehmet Ali Savaş Bakıda
keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə deyib.
Mehmet Ali Savaş bildirib ki, bu istiqamətdə əsas yeniliklərin
Visa tərəfindən təqdim olunacağı gözlənilir.
“Click-to-pay texnologiyaları xüsusilə görünməz ödənişlər
sahəsində böyük imkanlar yaradır. Eyni zamanda, e-commerce
sektorunda da ciddi dəyişikliklər olacaq”, – deyə o qeyd edib.
ABB rəsmisinin sözlərinə görə, yaxın üç il ərzində onlayn
alış-veriş zamanı kart nömrəsinin daxil edilməsi və ya kart
məlumatlarının ayrıca paylaşılması kimi proseslər tamamilə aradan
qalxa bilər.
“Bu gün artıq fırıldaqçılıq hallarında ciddi azalma müşahidə
olunur. Süni intellektin daha geniş tətbiqi və müxtəlif
əməliyyatların eyni anda analiz olunması sayəsində istifadəçilər
üçün daha sürətli və maneəsiz xidmət formalaşacaq”, – deyə o
vurğulayıb.
Mehmet Ali Savaş həmçinin blockchain texnologiyalarının və
zəncir əsaslı ödəniş sistemlərinin yaxın beş ildə maliyyə
sektorunun əsas inkişaf istiqamətlərindən biri olacağını
bildirib.
Onun fikrincə, real aktivlərin tokenizasiyası qlobal maliyyə
bazarında sürətlə böyüyən sahələrdən biridir.
“Bu istiqamətdə böyük potensial və böyük həcm mövcuddur.
Beynəlxalq hesabatlarda da bu bazarın sürətlə inkişaf etdiyi qeyd
olunur. Ümid edirəm ki, Azərbaycan da bu prosesdən geri
qalmayacaq”, – deyə ABB nümayəndəsi əlavə edib.

