
Bakı. Trend:
Dövlət satınalmalarının elektronlaşdırılması istiqamətində də
ciddi addımlar atılır. Elektron müqavilə sistemi artıq istifadəyə
verilib. Son aylarda bağlanan bütün dövlət satınalma müqavilələri
elektron qaydada rəsmiləşdirilir.
Trend xəbər
verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında
“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası
haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, bu sistem tam formalaşdıqdan sonra dövlət
əmlakı, nəqliyyat vasitələri, inventar və digər dövlət aktivləri
üzrə vahid reyestr yaradılacaq. Eyni zamanda dövlət aktivlərinin
balans dəyəri və amortizasiya göstəriciləri üzrə vahid məlumat
bazası formalaşacaq:
“Bu isə büdcənin cari saxlanma və istismar xərclərinin daha
dəqiq və avtomatlaşdırılmış şəkildə planlaşdırılmasına imkan
verəcək.
Məqsədimiz ondan ibarətdir ki, gələcəkdə büdcənin təxminən 60-70
faizi avtomatlaşdırılmış mexanizmlər əsasında formalaşsın. Zəruri
məlumat bazaları və elektron sistemlər tam hazır olduqdan sonra bu
istiqamətdə addımlar daha da sürətləndiriləcək”.
S.Babayev əlavə edib ki, debitor borcların və digər maliyyə
risklərinin qarşısının alınmasında da elektron xəzinədarlıq və
elektron müqavilə sistemlərinin rolu böyükdür:
“Bu sistemlər geniş tətbiq olunduqca təminatsız öhdəliklərin və
nəzarətsiz borcların yaranması imkanları əhəmiyyətli dərəcədə
azalacaq.
Dövlət müəssisələrinin elektron maliyyə hesabatlılığı və audit
mexanizmləri də dövlət maliyyəsinin idarə olunmasına daha sistemli
və operativ nəzarət etməyə imkan verəcək”.
Nazir vurğulayıb ki, icra prosesində müəyyən çətinliklər də
yaranır:
“Çünki bəzi layihələrin prosedur baxımından vaxtında və
keyfiyyətli şəkildə həyata keçirilməsi kifayət qədər zaman tələb
edir”.

