
Bakı.Trend:
Azərbaycan Respublikasının Ali Məhkəməsi daşınmaz əşyalara dair
əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı
ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən mühüm qərardad
qəbul edib.
Ali Məhkəmədən Trend-ə bildirilib ki, qərardadın məqsədi daşınmaz
əmlak mübahisələrində əsl mülkiyyətçinin hüquqları ilə əmlakı
sonradan əldə etmiş üçüncü şəxslərin maraqları arasında yaranan
hüquqi ziddiyyətlərin həllinə vahid yanaşma formalaşdırmaqdır.
Qeyd olunub ki, son illərdə məhkəmə təcrübəsində daşınmaz
əmlakın saxta sənədlər, etibarnamələr və digər hüquqazidd
vasitələrlə əsl mülkiyyətçinin əlindən çıxaraq bir və ya bir neçə
şəxsə satılması halları ilə bağlı mübahisələrə tez-tez rast
gəlinir. Belə hallarda həqiqi mülkiyyətçi əmlakının geri
qaytarılmasını tələb edir.
Ali Məhkəmənin qərardadında vurğulanır ki, vicdanlı əldəetmə
dedikdə, şəxsin vəziyyətin tələb etdiyi bütün diqqəti göstərməsinə
baxmayaraq, hüququn əldə edilməsinə mane olan hallardan obyektiv
şəkildə xəbərsiz olması nəzərdə tutulur. Başqa sözlə, alıcı
daşınmaz əmlakı əldə edərkən bütün zəruri yoxlamaları aparıb, lakin
satıcının həmin əmlak üzərində sərəncam vermək səlahiyyətinin
olmadığını bilməyibsə, vicdanlı əldə edən hesab edilə bilər.
Qərardadda dövlət reyestrinə etimad prinsipinin əhəmiyyəti də
xüsusi vurğulanır. Bildirilir ki, daşınmaz əmlak bazarında hüquqi
sabitliyin təmin olunması üçün şəxslər dövlət reyestrində əks
olunan məlumatların düzgünlüyünə etibar edə bilməlidirlər. Əks
halda, hər bir alqı-satqı əməliyyatı ciddi hüquqi risk daşıyar və
mülki dövriyyədə qeyri-müəyyənlik yaranar.
Bununla yanaşı, Ali Məhkəmə qeyd edir ki, qanun yalnız formal
olaraq vicdanlı əldə edən görüntüsü yaradan şəxsləri deyil,
həqiqətən vicdanlı olan şəxsləri müdafiə edir. Vicdanlı əldəetmə
institutu hüquqazidd hərəkətlərin qanuniləşdirilməsi vasitəsi deyil
və yalnız dürüst şəkildə mülki dövriyyədə iştirak edən şəxslərin
hüquqlarının qorunmasına xidmət edir.
Qərardada əsasən, əsl mülkiyyətçi ilə üçüncü şəxsin
hüquqlarından hansının üstün tutulacağı hər bir konkret iş üzrə
ayrıca araşdırılmalıdır. Məhkəmələr qərardadda müəyyən edilmiş
meyarlar və mərhələlər əsasında qiymətləndirmə apararaq mübahisənin
həllinə qərar verməlidirlər.
Ali Məhkəmə vurğulayır ki, sənəd vicdanlı əldəetmə institutunun
tətbiq sərhədlərini, vicdanlılığın müəyyən edilmə meyarlarını,
sübutetmə qaydalarını, vicdanlılığı istisna edən halları, həmçinin
qeydiyyat orqanları və notariat sisteminin rolunu sistemli şəkildə
izah edir. Qərardadın əsas məqsədi eyni kateqoriyadan olan işlər
üzrə fərqli məhkəmə yanaşmalarının qarşısını almaq və hüquqi
müəyyənliyi təmin etməkdir.

