
Bakı. Trend:
Cari ilin iyunun 1-nə olan məlumata görə, Azərbaycanın xarici
dövlət borcu 4,642 milyard ABŞ dolları təşkil edib.
Trend xəbər verir
ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin yaydığı
“2026-cı ilin yanvar-may ayları üzrə ölkənin sosial-iqtisadi
inkişafının makroiqtisadi göstəriciləri” hesabatında qeyd
olunub.
Məlumata əsasən, bu göstərici ötən ilin 1 iyun tarixi ilə
müqayisədə 8 faiz azdır.
Eyni zamanda bildirilib ki, 2026-cı il iyunun 1-nə ölkənin
strateji valyuta ehtiyatları 88,439 milyard ABŞ dollarına çatıb. Bu
isə ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz çoxdur.
Qeyd edək ki, cari ilin yanvar-may aylarında Azərbaycanda 51,784
milyard manatlıq ümumi daxili məhsul istehsal olunub.
Məlumata görə, ölkə iqtisadiyyatı ötən ilin müvafiq dövrü ilə
müqayisədə real ifadədə 0,2 faiz artıb.
Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər
1 faiz azalaraq 16,125 milyard manat təşkil edib. Qeyri-neft-qaz
sektorunda isə əlavə dəyər 0,4 faiz artaraq 35,658 milyard manata
çatıb.

