Bu gün futbol üzrə dünya çempionatı start götürəcək

Baş səhifə

Bakı. Trend:

Tarixdə ilk dəfə üç ölkənin – ABŞ, Kanada və Meksikanın ev
sahibliyi edəcəyi futbol üzrə dünya çempionatı bu gün start
götürəcək.

Mundialın açılış matçı A qrupunda Meksika və Cənubi Afrika
Respublikası yığmaları arasında baş tutacaq. Paytaxt Mexiko
şəhərində yerləşən “Asteka” stadionunda təşkil olunacaq qarşılaşma
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü braziliyalı FIFA
referisi Vilton Sampayo idarə edəcək.

İlk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək dünya çempionatı
üçün ümumilikdə 1248 futbolçu sifariş edilib. Kabo-Verde, Kurasao,
İordaniya və Özbəkistan milliləri dünyanın ən böyük futbol
turnirində debüt edəcəklər.

Mundial ərzində 104 oyun reallaşacaq ki, bunların 78-nə ABŞ ev
sahibliyi edəcək.

Azərbaycanlı futbol azarkeşlərinin çıxışını maraqla gözlədiyi
yığmalardan biri 24 il sonra yenidən dünya çempionatına vəsiqə
qazanan Türkiyə millisidir. D qrupunda yer alan “ay-ulduzlular” ilk
görüşünü iyunun 14-də Bakı vaxtı ilə saat 08:00-da Avstraliyaya
qarşı keçirəcək.

A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Koreya
Respublikası, Çexiya;

B qrupu: Kanada, Qətər, İsveçrə, Bosniya və Herseqovina;

C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya;

D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə;




E qrupu: Almaniya, Kurasao, Kot d`İvuar, Ekvador;

F qrupu: Niderland, Yaponiya, İsveç, Tunis;

G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya;

H qrupu: İspaniya, Kabo Verde, Səudiyyə Ərəbistanı, Uruqvay;

I qrupu: Fransa, Seneqal, Norveç, İraq;

J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya

K qrupu: Portuqaliya, Konqo Demokratik Respublikası, Özbəkistan,
Kolumbiya;

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana.

Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.
Mundialın son qalibi 2022-ci ildə Qətərdə keçirilən turnirdə kuboku
başı üzərinə qaldıran Argentina millisidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir