2026-cı ildə Bakıda dəyişkən iş qrafiki tətbiq edilə bilər

Baş səhifə

Bakı. Trend:

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər.

Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Millət vəkili bildirib ki, “Bakı şəhərində və ətraf ərazilərdə
nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu
illər üçün Dövlət Proqramı”na əsasən dövlət orqanlarının, təhsil və
tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş
rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub.
Proqrama görə, bu məhz 2026-cı ildə reallaşacaq.

Proqrama əsasən, dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi,
Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası
tərəfindən aparılan təhlillər yaxın zamanlarda tamamlanmalıdır.
Bununla da Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılara
əsasən dəyişkən iş rejimi təşkil olunacaq.

Deputat vurğulayıb ki, bir çox inkişaf etmiş ölkələrdə, xüsusilə
Avropada dəyişkən iş rejimi artıq tətbiq olunur və bu model konkret
nəticələr verir.




Təhlillər göstərir ki, fərqli işə başlama saatları nəqliyyat
yüklənməsini bölüşdürür və səhər-axşam pik vaxtlarda sıxlığı
azaldır.

Avropa təcrübəsi göstərir ki, dəyişkən iş qrafiki yol-nəqliyyat
sıxlığını azaldır, ictimai nəqliyyatda yüklənməni bölüşdürür, işçi
məhsuldarlığını artırır və şəhər infrastrukturuna düşən təzyiqi
azaldır.

“Gözlənilir ki, 2026-cı ildə Azərbaycanda da dövlət proqramının
tələblərinə uyğun olaraq fərqli sektorlarda iş saatlarının
mərhələli şəkildə dəyişdirilməsi reallaşacaq. Bu modelə əsasən,
bütün müəssisələr eyni saatda fəaliyyətə başlamayacaq və bu da
nəqliyyat sıxlığına təsir göstərəcək.

Təbii ki, dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat sıxlığını tam
aradan qaldırmaq deyil, azaltmaq üçün tətbiq olunur. Nəqliyyatda
sıxlığın aradan qaldırılması infrastrukturun genişləndirilməsi ilə
yanaşı, oxşar digər dolayı tədbirlərin icrasından birbaşa
asılıdır”, – deyə V.Bayramov qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir