Doktorantura üçün dil imtahanı keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada
oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər
üçün Azərbaycan dili imtahanına qeydiyyat elan edilir.

Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, imtahanda iştirak
etmək üçün qeydiyyat 2026-cı il iyunun 11-dən 14-dək elektron
qaydada aparılacaq.

Həm doktoranturaya qəbul olmaq istəyən namizədlər, həm də
doktoranturada oxuyan iddiaçılar üçün xarici dillər üzrə imtahan
2026-cı il iyunun 25-də keçiriləcək. Doktorantura və dissertantura
üzrə əcnəbilər üçün Azərbaycan dili imtahanı isə 16 iyunda
keçiriləcək. Danışıq bloku üzrə imtahanın 17-19 iyun tarixlərində
keçirilməsi planlaşdırılır.

Dövlət İmtahan Mərkəzi 2026-cı il iyun 11-dən 14-dək
2026/2027-ci tədris ili üçün doktoranturaya və dissertanturaya
xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün namizədlərin
qeydiyyatını elan edir.

Mərkəz eyni zamanda, qeyd olunan tarixlərdə doktorantura,
dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş
iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru
imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edir.

Bu müddət ərzində doktorantura və dissertanturaya qəbul olunmaq
üçün sənədlərini Azərbaycan Respublikasının doktoranturalar
yaradılan ali təhsil müəssisələrinə, elmi müəssisə və
təşkilatlarına təqdim etməyə hazırlaşan namizədlər və Azərbaycan
Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və
təşkilatlarında doktorantura və ya dissertanturada, həmçinin hərbi
təhsil müəssisələrində adyunkturada təhsil alan və ya təhsilini
bitirmiş iddiaçılar Mərkəzin internet saytında
(https://ekabinet.dim.gov.az/ ) “Şəxsi kabinet” yaratmalı (şəxsi
kabineti olmayanlar) və xarici dil üzrə, əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər isə Azərbaycan dili üzrə fəlsəfə doktoru
imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.




İmtahanda iştirak ödənişlidir. Namizəd və iddiaçılar “Şəxsi
kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda
iştirak üçün tələb olunan 110 (yüz on) manat məbləğində pul
vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla)
əlavə etməlidirlər.

20 oktyabr 2026-cı ildən sonrakı tarixlər üzrə qüvvədə olan
müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil
imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş
etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi
kabinetinin pul hesabından tələb olunan məbləğ (110 manat)
silinir.

Mərkəzin doktorantura səviyyəsində xarici dil üzrə qəbul
imtahanı zamanı müvafiq magistratura ixtisaslaşmasını (filologiya,
(xarici dil və ədəbiyyat üzrə dilşünaslıq və ya ədəbiyyatşünaslıq),
xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və
tərcümə ixtisasları üzrə) bitirən namizədlərin xarici dil seçiminə
məhdudiyyət qoyulmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş
“Doktoranturaların yaradılması və doktoranturaya qəbul
Qaydaları”nın 3.10-cu bəndini nəzərə alaraq yuxarıda qeyd olunan
müvafiq magistratura ixtisaslaşmasını bitirən namizədlər də xarici
dil üzrə qəbul imtahanı zamanı ixtisaslaşma dilini xarici dil kimi
seçə və ya ixtisaslaşma dili üzrə beynəlxalq sertifikat təqdim edə
bilərlər.

Qeyd edək ki, fəlsəfə doktoru imtahanlarının nəticələri həmin
imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin
müzakirəsinədək beş il müddətində etibarlı sayılır. Xarici dil,
həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan
dili üzrə fəlsəfə doktoru imtahanını uğurla vermiş (xarici dil üzrə
fəlsəfə doktoru imtahanından ən azı 30 bal, əcnəbilər üçün
Azərbaycan dili imtahanından isə ən azı 25 bal toplamış)
iddiaçılara Ali Attestasiya Komissiyasının müəyyən etdiyi formada
həmin imtahanda onların göstərdikləri nəticəni özündə əks etdirən,
fəlsəfə doktoru dissertasiyasının ilkin müzakirəsinədək beş il
müddətində etibarlı sayılan şəhadətnamə verilir.

İddiaçının xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan
iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının
nəticəsi “qeyri-kafi” qiymətləndirildikdə ona şəhadətnamə
verilmir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir