
Bakı. Trend:
Azərbaycan xalqının taleyində mühüm yer tutan 15 İyun – Milli
Qurtuluş Günü dövlətçilik tariximizin ən əlamətdar və şərəfli
səhifələrindən biridir.
Bu sözləri Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, bu gün təkcə siyasi hakimiyyət dəyişikliyi
deyil, eyni zamanda müstəqil Azərbaycan dövlətinin məhv olmaq
təhlükəsindən xilas edilərək sabitlik, inkişaf və tərəqqi yoluna
çıxmasının başlanğıcı kimi qiymətləndirilir:
“1987-ci ildə Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqı
rəhbərliyində tutduğu yüksək vəzifələrdən istefa verməsindən sonra
Azərbaycana qarşı həyata keçirilən məkrli planlar daha da
sürətləndi. Ermənistanda və onun havadarları tərəfindən
Azərbaycanın tarixi torpaqlarına qarşı ərazi iddiaları irəli
sürüldü, Dağlıq Qarabağ münaqişəsinin əsası qoyuldu və xalqımızın
böyük faciələrlə üzləşdiyi ağır bir dövr başladı.
Müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi
qeyri-sabitlik, idarəetmədə buraxılan ciddi səhvlər, silahlı
qruplaşmaların özbaşınalığı, iqtisadi böhran və separatçılıq
meylləri Azərbaycanı parçalanmaq və dövlət müstəqilliyini itirmək
təhlükəsi ilə üz-üzə qoymuşdu. 1993-cü ilin ortalarında vəziyyət
kritik həddə çatmış, ölkədə faktiki olaraq vətəndaş qarşıdurması
təhlükəsi yaranmışdı.
Belə bir mürəkkəb və taleyüklü məqamda xalqın yeganə ümid yeri
Ulu Öndər Heydər Əliyev oldu. Azərbaycan xalqının təkidli tələbi
ilə 1993-cü il iyunun 9-da Bakıya qayıdan Heydər Əliyev öz üzərinə
böyük məsuliyyət götürərək dövlətçiliyin xilası missiyasını yerinə
yetirməyə başladı. İyunun 15-də Azərbaycan Respublikası Ali
Sovetinin sədri seçilməsi isə ölkəmizin müasir tarixində yeni
mərhələnin başlanğıcı oldu”.
Deputat qeyd edib ki, məhz Ulu Öndərin uzaqgörən siyasəti
nəticəsində qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitlik
təmin edildi, qanunsuz silahlı birləşmələrin fəaliyyəti
məhdudlaşdırıldı, dövlət institutları formalaşdırıldı və
Azərbaycanın müstəqilliyi möhkəmləndirildi:
“Sonrakı illərdə həyata keçirilən genişmiqyaslı islahatlar
nəticəsində hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar
atıldı, yeni Konstitusiya qəbul edildi, ilk demokratik parlament
seçkiləri keçirildi və Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli
dərəcədə yüksəldi.
Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin
iqtisadi inkişafının təməlini qoydu. “Əsrin müqaviləsi”
Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi,
ölkəyə xarici investisiyaların cəlb edilməsinə və gələcək inkişafın
təmin olunmasına geniş imkanlar yaratdı. Eyni zamanda ordu
quruculuğu istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan
Silahlı Qüvvələrinin güclənməsinə xidmət etdi.
Bu gün qürurla qeyd edə bilərik ki, müasir Azərbaycanın əldə
etdiyi bütün uğurların əsasında məhz 15 İyun Milli Qurtuluş Günündə
əsası qoyulan siyasi sabitlik və dövlətçilik prinsipləri dayanır.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası cənab
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni
mərhələyə yüksəldilmişdir. Azərbaycanın ərazi bütövlüyünün və
suverenliyinin tam bərpası, Qarabağ və Şərqi Zəngəzurda aparılan
geniş quruculuq işləri də bu siyasi kursun uğurlu
nəticələridir.
Milli Qurtuluş Günü Azərbaycan xalqının birliyinin, dövlətçilik
iradəsinin və milli həmrəyliyinin təntənəsidir. Bu əlamətdar tarix
xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillərə dövlət
müstəqilliyinin necə böyük fədakarlıqlar hesabına qorunub
saxlanıldığını xatırladacaqdır.
Bu gün hər bir Azərbaycan vətəndaşı Ulu Öndər Heydər Əliyevin
əziz xatirəsini dərin ehtiramla yad edir, onun xilaskarlıq
missiyasını minnətdarlıq hissi ilə xatırlayır. Əminliklə demək olar
ki, 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixində
dönüş nöqtəsi olmaqla yanaşı, ölkəmizin bugünkü qüdrətinin və
gələcək uğurlarının da möhkəm təməlidir”.

