Mayda Azərbaycanda illik inflyasiya 5,6 faiz olub

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında istehlak qiymətləri 2025-ci ilin
yanvar-may aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları,
alkoqollu içkilər və tütün məmulatları üzrə 6,7 faiz, qeyri-qida
məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər
üzrə 5,7 faiz artıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında
bildirilib.

2025-ci ilin may ayı ilə müqayisədə illik qiymət artımı 5,6
faiz, son bir ayda isə 0,1 faiz təşkil edib.

2026-cı ilin may ayında qida məhsulları, alkoqollu içkilər və
tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1
faiz azalıb, əvvəlki ilin müvafiq ayına nisbətən 6,6 faiz
artıb.




Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida
məhsullarından qarabaşaq yarması, mal və qoyun əti, kolbasa
məmulatları, pendir, kəsmik, süfrə marqarini, günəbaxan və
qarğıdalı yağı, limon, alma, kivi, ağ kələm, brokkoli, göyərti, göy
lobya, süfrə çuğunduru, soğan, qazlı və qazsız suların qiymətləri
bahalaşıb, təzə balıq, yumurta, banan, çiyələk, xiyar, pomidor,
şirin bibər, badımcan, yerkökü, sarımsaq və kartofun qiymətləri isə
ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi
dəyişikliklər baş verməyib.

2026-cı ilin may ayında qeyri-qida məhsulları üzrə istehlak
qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin müvafiq
ayına nisbətən 3,9 faiz artıb. May ayında əvvəlki ayla müqayisədə
boya, plastik boru, yuyucu vasitələr və şəxsi gigiyena
məmulatlarının qiymətləri bahalaşıb, zərgərlik məmulatlarının
qiymətləri isə ucuzlaşıb. Digər qeyri-qida məhsullarının
qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2026-cı ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər
üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,2 faiz, əvvəlki ilin
müvafiq ayına nisbətən 5,7 faiz təşkil edib. May ayında əvvəlki
ayla müqayisədə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma
xidmətlərinin qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin
qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir