
Bakı. Trend:
Yaxın dövrdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura
sahələrində bir sıra mühüm normativ-hüquqi təşəbbüslərin həyata
keçirilməsi nəzərdə tutulur.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı naziri
Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və
akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına
dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn
vəzifələr barədə ictimai dinləmədə deyib.
Nazir bildirib ki, ilk olaraq aqrar sahədə qanunvericiliyin
sistemləşdirilməsi məqsədilə “Aqrar sahə haqqında” yeni qanunun
hazırlanması planlaşdırılır:
“Bu sənəd kənd təsərrüfatı fəaliyyəti, məhsul və istehsalçı
anlayışlarını vahid hüquqi çərçivədə təsbit edəcək, aqrar xidmətlər
və dövlət dəstəyi mexanizmlərinin hüquqi əsaslarını
formalaşdıracaq. Eyni zamanda aqrar terminologiyanın unifikasiyası,
kənd yerlərinin inkişafı və dayanıqlı istehsal kimi müasir
yanaşmaların qanunvericilikdə əksini tapmasına imkan
yaradacaq”.
M.Məmmədov vurğulayıb ki, balıqçılıq və akvakultura sahəsində
isə 1998-ci ildən qüvvədə olan qanunvericiliyin yenilənməsi nəzərdə
tutulur.
“Yeni “Balıqçılıq haqqında” qanun rəqəmsallaşmanın
genişləndirilməsini, uçot və qeydiyyatın sadələşdirilməsini,
elektron xidmətlərin tətbiqini və idarəetmənin təkmilləşdirilməsini
təmin edəcək. Bununla yanaşı, nəzarətin gücləndirilməsi vasitəsilə
su bioresurslarının qorunması və qanunsuz ovçuluğun qarşısının
alınması hədəflənir”.
Nazir əlavə edib ki, bitkiçilik sektorunda isə toxumçuluq
sahəsində islahatlar planlaşdırılır:
“Toxumçuluq haqqında” qanunun beynəlxalq standartlara uyğun
şəkildə yenilənməsi nəzərdə tutulur. Yeni hüquqi çərçivə
sertifikatlaşdırma və toxumların təsnifatını, elektron xidmətlərin
genişləndirilməsini və özəl sektorun elit toxum istehsalında
iştirakını əhatə edəcək. Eyni zamanda toxumların idxal və ixracına
nəzarətin gücləndirilməsi və keyfiyyətsiz toxum dövriyyəsinin
qarşısının alınması da əsas prioritetlər sırasındadır”.

