
Bakı. Trend:
2030-cu ilədək qoyunçuluq sektorunda istehsal həcminin təxminən
9 faiz artırılması planlaşdırılır. Bu isə öz növbəsində
özünütəminetmə səviyyəsinin 94,2 faizdən 100 %-ə çatdırılmasına
imkan yaradacaq.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Aqrar Tədqiqatlar
Mərkəzinin direktoru Rəşad Hüseynov Milli Məclisin Aqrar siyasət
komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı,
balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı
sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət
Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə
deyib.
R.Hüseynov vurğulayıb ki, bu istiqamətdə yeni intensiv
qoyunçuluq təsərrüfatlarının yaradılması üçün dəstək mexanizmləri
tətbiq olunacaq. Təsərrüfatların qurulması, avadanlıqların alınması
və infrastruktur təminatı üzrə subsidiya və güzəştli mexanizmlər
nəzərdə tutulur.
Direktor bildirib ki, paralel olaraq yun və dəri məhsullarına
məhsul subsidiyasının tətbiqi planlaşdırılır:
“Bu da ölkə üçün yeni yanaşmalardan biridir. Eyni zamanda yem
təminatının yaxşılaşdırılması məqsədilə 480 min hektar örüş və
otlaq sahələrinin bərpası təşviq ediləcək və bu sahələr üzrə
subsidiya mexanizmləri tətbiq olunacaq”.
O əlavə edib ki, bu istiqamətdə ilk pilot təşəbbüs kimi
qoyunçuluq aqroparkının yaradılması nəzərdə tutulur. Hazırda
Birləşmiş Ərəb Əmirliklərinin bir şirkəti ilə bu sahədə danışıqlar
aparılır.

