
Bakı. Trend:
Son 20 il ərzində ümumi tutumu 557 milyon kubmetr olan 5 yeni su
anbarı tikilib, ümumi tutumu 37 milyon kubmetr olan 5 su anbarı
əsaslı təmir edilib.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov Milli Məclisin
Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında
kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı
və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət
Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə
deyib.
Sədr müavini əlavə edib ki, eyni zamanda uzunluğu 4,7 min
kilometrdən artıq olan suvarma kanalları yenidən qurulub,
kollektor-drenaj şəbəkələri bərpa edilib, minlərlə kilometr boru
kəməri çəkilib və 4 minədək yeni subartezian quyusu qazılıb.
Son dövrdə 26,8 milyon kubmetr tutuma malik Zabux su anbarı
istifadəyə verilib, ümumi həcmi 44,3 milyon kubmetr olan Suqovuşan,
Xaçınçay və Köndələnçay su anbarları əsaslı təmir edilərək
istismara qaytarılıb.
Bundan əlavə, 51,6 kilometr uzunluğunda magistral suvarma xətti
çəkilib ki, həmin xətt vasitəsilə Qubadlı və Zəngilan rayonlarında
ümumilikdə 12 min hektar əkin sahəsinin su təminatı
yaxşılaşdırılıb.
İ.Bayramov vurğulayıb ki, hazırda icra olunan ən mühüm strateji
layihələrdən biri Şirvan suvarma kanalının tikintisidir:
“Kanalın uzunluğu 204,15 kilometr təşkil edir və təxminən 228
min hektar torpaq sahəsinin suvarılmasına xidmət göstərəcək. Bu
layihə çərçivəsində 112 min hektar mövcud əkin sahəsinin su
təminatı yaxşılaşdırılacaq, eyni zamanda 106 min hektar yeni torpaq
sahəsi kənd təsərrüfatı dövriyyəsinə cəlb olunacaq”.
Sədr müavini bildirib ki, 2026-cı il üzrə təqdim olunmuş
sifarişlərə əsasən, 1 milyon 565 min 360 hektar torpaq sahəsinin
suvarılması proqnozlaşdırılıb və bunun üçün 6,8 milyard kubmetr su
təminatının yaradılması planlaşdırılıb. Bu həcmin 52 faizi dənli və
yem bitkilərinin, 48 faizi isə pambıqçılıq, tərəvəzçilik,
bostançılıq, çoxillik əkinlər və digər kənd təsərrüfatı
istiqamətlərinin su təminatına yönəldiləcək.
O əlavə edib ki, hazırda suvarma kanallarının, kollektor-drenaj
şəbəkələrinin və digər hidrotexniki qurğuların coğrafi
məlumatlarının vahid rəqəmsal platformada birləşdirilməsi
istiqamətində işlər aparılır. Bu, gələcəkdə suvarma rejimlərinin
daha düzgün planlaşdırılmasına, su resurslarının ədalətli
bölüşdürülməsinə və suvarma qrafiklərinin daha səmərəli tətbiqinə
imkan verəcək.

