
Bakı. Trend:
İlk növbədə əkin strukturu ilə bağlı Azər müəllimin toxunduğu
məqama diqqət çəkmək istərdim. Bu, tamamilə haqlı və vacib
məsələdir. Eyni zamanda Əlim müəllim də aqrar sahədə artım
dinamikası ilə bağlı fikirlərini səsləndirdi. Mən bu iki məqamı
bir-biri ilə əlaqələndirmək istəyirəm.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı naziri
Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və
akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına
dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn
vəzifələr barədə ictimai dinləmədə deyib.
Azərbaycanda əkin sahələrinin 74 faizini taxıl və yem bitkiləri
təşkil edir. Halbuki taxıl və yem bitkilərinin aqrar istehsalda
yaratdığı dəyər ümumi aqrar məhsulun cəmi 11 faizinə bərabərdir.
Başqa sözlə desək, biz torpaq resurslarımızın böyük hissəsini
nisbətən az dəyər yaradan məhsullara ayırmışıq.
Burada Hollandiya və İsrail nümunələri çəkildi. Bu ölkələrdə
torpaq resursları məhduddur və məhz buna görə hər kvadratmetrdən,
hər hektardan maksimum iqtisadi dəyər əldə etməyə çalışırlar. Onlar
taxıl və yem bitkilərini daha çox idxal etməyə üstünlük verir, öz
torpaq resurslarını isə yüksək əlavə dəyər yaradan məhsulların
istehsalına yönəldirlər.
Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Taxıl istehsalı bizim
üçün təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır.
Uşaqlıqdan eşitdiyimiz “Çörək bol olarsa, basılmaz Vətən” ifadəsi
xalqımızın düşüncəsində bu məhsulun yerini göstərir. Taxıl gündəlik
həyatımızın ayrılmaz hissəsidir və buna görə də ölkə ərazisinin
mühüm hissəsi taxıl və yem bitkilərinin istehsalına ayrılır.
Azər müəllimin də qeyd etdiyi kimi, əsas məqsədimiz
məhsuldarlığın artırılmasıdır. Məhsuldarlığın yüksəldilməsi
hesabına həm taxıl, həm də digər kənd təsərrüfatı məhsullarının
istehsalını artırmağa çalışırıq.
Azərbaycan aqrar iqtisadiyyatının inkişaf tarixində uzun müddət
əsas yanaşma daha çox torpaq sahəsinin əkin dövriyyəsinə cəlb
olunması olub. Həmin dövrdə bu siyasət daha çox məşğulluq yaradır,
kənd yerlərində insanların gəlirlərinin artmasına xidmət edirdi və
o dövr üçün doğru qərar hesab olunurdu.
Lakin zaman dəyişib. Bu gün aqrar sektor tamamilə özəl sektorun
fəaliyyəti üzərində qurulub. Dövlət nə istehsalla, nə də ticarətlə
birbaşa məşğul olur. Azərbaycanda istehsal olunan, emal edilən və
bazara çıxarılan məhsulların hamısı özəl sektor tərəfindən həyata
keçirilir. Məhz buna görə də dövlət proqramında özəl sektor əsas
istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
Özəl sektor üçün əsas meyar mənfəətlilik və investisiyanın geri
dönüşüdür. Vaxt keçdikcə məlum oldu ki, əkin sahələrinin daim
genişləndirilməsi səmərəliliyi artırmır. Əksinə, qeyri-effektiv
istifadəyə səbəb olur. Bu gün əsas məqsədimiz daha çox torpaq əkmək
deyil, daha az resursla daha çox məhsul əldə etməkdir.
Bu proqramın əsas fəlsəfəsi də məhz həmin transformasiyaya nail
olmaqdır. İlk növbədə bu dəyişiklik insanların düşüncəsində baş
verməlidir. Son illərdə aqrar sahədə artım tempinin müəyyən qədər
aşağı düşməsi də bununla bağlıdır. Fermerlər anlayırlar ki, 100
hektarda aşağı məhsuldarlıqla işləməkdənsə, 10 hektarda yüksək
məhsuldarlıq əldə etməklə daha çox gəlir qazanmaq mümkündür.
Məhz buna görə bəzi hallarda əkin sahələrinin həcmi azalır,
nəticədə ümumi istehsalın artım tempi də zəifləyir. Bu səbəbdən
dövlət proqramının hazırlanmasına ehtiyac yaranıb və cənab
Prezidentin tapşırığı ilə uzun müddətdir bu istiqamətdə iş
aparılır.
İnkişaf etmiş aqrar ölkələrin təcrübəsinə baxdıqda görürük ki,
aşağı əlavə dəyər yaradan bitkilərin əkin strukturundakı payı
adətən 40–50 faiz təşkil edir. Azərbaycanda isə taxıl, yem və
texniki bitkiləri birlikdə götürdükdə bu göstərici 90 faizə
yaxınlaşır.
Bu baxımdan bizim məqsədimiz daha yüksək dəyər yaradan
məhsulların istehsalını genişləndirmək, aşağı dəyərli məhsullarda
isə məhsuldarlığı artırmaqdır. Prioritetimiz boşalan torpaqlardan
çox, mövcud torpaqlarda məhsuldarlığın yüksəldilməsidir.
İxtisaslaşma məsələsinə gəlincə, bu istiqamətdə səsləndirilən
fikirlərlə tam razıyam. Hesab edirik ki, Azərbaycanda ixtisaslaşma
daha geniş təşviq edilməli, fermerlərlə və bölgələrlə daha sıx iş
aparılmalıdır. Elmi tədqiqatlar bu prosesə xidmət etməlidir.
Lakin nəzərə almalıyıq ki, iqlim dəyişiklikləri, yeni
texnologiyalar və aqrar elmin nailiyyətləri ixtisaslaşma
istiqamətlərini də dəyişdirir. Məsələn, Zəngilan rayonunun Ağalı
kəndində torpaq bölgüsü aparılarkən kənd sakinləri bildirirdilər
ki, həmin ərazidə ərik bağı salmaq mümkün deyil, çünki sovet
dövründə belə bir təcrübə olmayıb. Halbuki yaxınlıqda artıq yüz
hektardan çox ərik bağı mövcuddur və bir neçə ildir ki, həmin
bağlardan məhsul əldə edilərək ixrac olunur.
Bunun səbəbi iqlim dəyişiklikləri, yeni texnologiyalar və son
onilliklərdə yaradılmış yeni sortlardır. Buna görə də ixtisaslaşma
mütləq elmi əsaslara söykənməli və daim yenilənməlidir.
Torpaqların identifikasiyası məsələsinə gəldikdə isə, bu bizim
üçün ən həssas istiqamətlərdən biridir. Subsidiya siyasətinin
səmərəliliyinin artırılması da birbaşa bu məsələ ilə bağlıdır. Biz
bunu torpaqların pasportlaşdırılması adlandırırıq.
Elektron sistemlərin inkişafı və kadastr xəritələrinin
yenilənməsi nəticəsində məlum olur ki, bir çox hallarda fermerlərin
istifadə etdiyi torpaq sahələri ilə sənədlərdə göstərilən
koordinatlar üst-üstə düşmür. Bunun əsas səbəbi odur ki, insanlar
illərdir istifadə etdikləri sahələri əkməyə davam edirlər, lakin
sonradan aparılan sənədləşmə prosesi vaxtilə verilmiş dövlət
aktları əsasında həyata keçirilib.
Bəzi hallarda isə torpağın həqiqi sahibi həmin ərazidən istifadə
etməyib, başqa yerə köçüb və ya torpaq istifadəsiz qalıb. Mübahisə
yaranmadığı üçün istifadəçi həmin torpağı öz torpağı kimi qəbul
edib.
Bu səbəbdən kadastr xəritələrinin yenilənməsi və
dəqiqləşdirilməsi vacibdir. Hazırda bu istiqamətdə aidiyyəti
qurumlar tərəfindən ciddi iş aparılır.
Eyni zamanda subsidiyaların verilməsi prosesində də yeni
yanaşmalar tətbiq olunur. İlk dəfə olaraq çıxarışlarda göstərilən
koordinatlar peyk görüntüləri vasitəsilə yoxlanılır və həmin
ərazidə faktiki əkin aparılıb-aparılmadığı müəyyən edilir.
Subsidiyanın verilməsi də bu məlumatlar əsasında həyata
keçirilir.
Vətəndaşlardan daxil olan bəzi subsidiyaların gecikməsi ilə
bağlı müraciətlərin əsas səbəbi məhz koordinat uyğunsuzluqlarıdır.
Bu problemlərin həlli əlavə vaxt tələb edir.
Lakin bizim əsas məqsədimiz ölkədə hər bir hektar torpaq sahəsi
barədə dəqiq məlumat bazasının formalaşdırılmasıdır. Həmin torpağın
yerləşdiyi ərazi, keyfiyyət göstəriciləri, hansı məhsullar üçün
uyğun olduğu və istifadə tarixi tam şəkildə məlum olmalıdır.

