
Bakı. Trend:
Bu gün start götürəcək futbol üzrə dünya çempionatı Azərbaycan
tamaşaçılarına İctimai Televiziya (İTV) tərəfindən FIFA-nın yayım
qaydalarına və beynəlxalq televiziya standartlarına uyğun olaraq
yüksək keyfiyyətlə təqdim olunacaq.
Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin
yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi
turnirin 104 oyunundan 92-si İctimai Televiziyanın efirində canlı
yayımlanacaq. Azərbaycan tamaşaçılarının turnirin bütün oyunlarını
canlı izləməsini təmin etmək üçün qrup mərhələsinin III turunda
eyni vaxtda keçiriləcək 12 oyunun “CBC Sport”da yayımlanmasına
İctimai Televiziya tərəfindən imkan yaradılıb. Bununla da bütün
qarşılaşmalar tamaşaçılara canlı şəkildə təqdim olunacaq.
Lisenziya qaydalarına əsasən, turnir ərzində yalnız 15 oyun
İTV-nin yutub kanalı üzərindən canlı yayımlanacaq. Bu çərçivədə ən
çox maraq doğuran qarşılaşmalar – Türkiyə millisinin 3 qrup oyunu
və 1/8 final mərhələsindən etibarən 12 oyun İTV-nin rəsmi yutub
kanalında canlı təqdim olunacaq.
İTV-də yayımlanan bütün oyunlar eyni zamanda itv.az
platformasında da canlı izlənilə biləcək.
Azarkeşlər hər gün saat 12:30-da “FIFA Günün İcmalı”nı, gecə
saatlarında keçirilən oyunların təkrarını isə 14:00–18:00
aralığında İctimai Televiziyada izləyə biləcəklər. Matçların ən
maraqlı epizodları, qollar və icmallar İTV-nin yutub kanalında da
təqdim olunacaq.
Bundan əlavə, gün ərzində “Bol futbol” proqramı çərçivəsində
turnirin əsas məqamları və aktual hadisələri peşəkar ekspertlərin
iştirakı ilə müzakirə olunacaq. Proqramda müasir yayım
texnologiyaları və yeni təqdimat formatları tətbiq ediləcək.
Qarşılaşmaların şərhinə İctimai TV-nin və “CBC Sport”un
şərhçiləri cəlb olunacaq.
Əldə olunmuş razılığa əsasən, dünya çempionatının oyunları
İctimai Radioda da yayımlanacaq. İctimai Radio Azərbaycanda
mundialın yeganə radio yayımçısı olacaq.

