
Bakı. Trend:
İstifadəçiləri aldadaraq onların kompüterlərində zərərli
əmrlərin icra edilməsinə yönələn saxta “CAPTCHA” səhifələrinin
yayıldığı aşkar olunub.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat
yayıb.
Məlumata görə, bu, Agentliyin apardığı monitorinq zamanı
aşkarlanıb. Belə ki, kibercinayətkarlar əvvəlcə legitim internet
resurslarını ələ keçirərək həmin saytlar üzərində saxta “CAPTCHA”
səhifələri yerləşdirirlər. İstifadəçilər sayta daxil olduqda təqdim
edilən yoxlamanı həqiqi hesab edir və onlardan “robot olmadıqlarını
təsdiqləmək” məqsədilə “Windows + R”, “Ctrl + V” və “Enter” düymə
kombinasiyalarının icrası tələb olunur. Nəticədə istifadəçinin
cihazında zərərli əmr işə düşür və sistem komprometasiya oluna
bilər.
Belə hallarda istifadəçi fərqinə varmadan zərərli kodu öz əli
ilə işə salmış olur ki, bu da cihaza zərərli proqramın yüklənməsinə
və fərdi məlumatların oğurlanmasına gətirib çıxarır.
Milli Kibertəhlükəsizlik Agentliyi bildirir ki, həqiqi “CAPTCHA”
yoxlamaları heç vaxt istifadəçidən hər hansı əmrin icrasını, “Run”
pəncərəsinin açılmasını və ya mətnin sistemə yapışdırılmasını tələb
etmir.
Bununla əlaqədar vətəndaşlara “CAPTCHA” yoxlaması adı altında
təqdim olunan əmrləri diqqətlə nəzərdən keçirmək, əməliyyat
sistemini və antivirus proqramlarını mütəmadi yeniləmək, həmçinin
naməlum mənbələrdən gələn keçid və yönləndirmələrə qarşı ehtiyatlı
davranmaq tövsiyə edilir.
Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşları kibertəhlükələrə
qarşı ayıq olmağa və şübhəli hallarla qarşılaşdıqda dərhal müvafiq
qurumlara məlumat verməyə çağırır.

