AYİB dekarbonizasiyas ilə bağlı layihəni təsdiqlədi

Baş səhifə

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyədə karbonun
tutulması, istifadəsi və saxlanması (CCUS) sahəsində əlverişli
mühitin formalaşdırılmasına yönəlmiş texniki dəstək layihəsini
təsdiqləyib.

AYİB-in məlumatına görə, layihə Türkiyənin 2053-cü ilə qədər
xalis sıfır istixana qazı emissiyalarına nail olmaq məqsədinə
dəstək vermək üçün həyata keçiriləcək.

Qeyd olunur ki, Türkiyənin 2053-cü il üzrə Uzunmüddətli İqlim
Strategiyasına əsasən, ölkənin ümumi emissiyalarının 24,2 faizi
sənaye sektorunun payına düşür. Eyni zamanda bildirilir ki, Avropa
İttifaqının Karbon Sərhəd Tənzimləmə Mexanizminin (CBAM) tətbiqi
Türkiyə sənayesi qarşısında əlavə çağırışlar yaradır.

“Bu şəraitdə karbonun tutulması, istifadəsi və saxlanması
texnologiyaları (CCUS) Türkiyənin sənaye sektorunun
dekarbonizasiyası strategiyasının əsas elementlərindən biri kimi
qiymətləndirilir. Xüsusilə sement sənayesində bu texnologiyanın
tətbiqi karbon neytrallığına nail olmaq üçün mühüm əhəmiyyət
daşıyır. Hesablamalara görə, sektorda karbon neytral istehsala
keçid üçün tələb olunan 29,8 milyard ABŞ dolları həcmində
investisiyanın təxminən 27 milyard dolları məhz CCUS
texnologiyalarına yönələcək.

Bununla belə, Türkiyədə hazırda CCUS layihələrinin inkişafını
dəstəkləyən hərtərəfli hüquqi və tənzimləyici çərçivə mövcud deyil.
Layihələrin icrası üçün icazə mexanizmləri, karbon anbarlarının
xarakteristikası və məsuliyyət qaydaları, CO₂ nəqli şəbəkələrinin
tənzimlənməsi, monitorinq və yoxlama standartları, eləcə də
investisiyaların təşviqi mexanizmləri üzrə boşluqlar
qalmaqdadır.

Bu səbəbdən Türkiyə hökuməti, Ətraf Mühit, Şəhərsalma və İqlim
Dəyişiklikləri Nazirliyinin nəzdində fəaliyyət göstərən İqlim
Dəyişikliyi İdarəsi vasitəsilə AYİB-dən dəstək istəyib. Bankın
təqdim etdiyi maraq ifadəsindən sonra Türkiyə hökuməti CCUS
sahəsində əlverişli mühitin yaradılması üzrə tərəfdaş kimi AYİB-i
seçib”, – məlumatda vurğulanıb.




Bildirilib ki, layihə dörd əsas mərhələdən ibarət olacaq: “Bunlara CCUS üzrə hüquqi və tənzimləyici bazanın təhlili, sənaye
klasterləri və CCUS mərkəzləri üzrə bazar araşdırmasının
aparılması, Türkiyə üçün Milli CCUS Strategiyasının hazırlanması və
yüksək emissiyaya malik iki sement zavodunda CCUS tətbiqi üzrə
ilkin texniki-iqtisadi əsaslandırmaların işlənməsi daxildir.

AYİB layihənin icrası çərçivəsində Türkiyə hökumətinə məsləhət
xidmətləri göstərəcək beynəlxalq məsləhətçi şirkətin seçilməsini
planlaşdırır.

Layihənin əsas məqsədi Türkiyədə karbonun tutulması və
saxlanması üzrə investisiyalar üçün hüquqi və institusional zəmin
yaratmaq, investor etimadını artırmaq və ölkənin sənaye sektorunda,
xüsusilə sement sənayesində dekarbonizasiya prosesini
sürətləndirməkdir”.

Qeyd edilib ki, texniki dəstək proqramı çərçivəsində ölkənin
karbon saxlama potensialının qiymətləndirilməsi, prioritet sektor
və pilot layihələrin müəyyənləşdirilməsi, sənaye emissiyalarının
xəritələndirilməsi, karbon nəqli marşrutlarının təhlili və
uzunmüddətli inkişaf yol xəritəsinin hazırlanması nəzərdə
tutulur.

“Bununla yanaşı, seçilmiş sement müəssisələri üçün texniki,
maliyyə, iqtisadi və ekoloji aspektləri əhatə edən texniki-iqtisadi
əsaslandırmalar hazırlanacaq ki, bu da gələcək investisiya
layihələrinin formalaşdırılmasına imkan verəcək”, – məlumatda əlavə
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir