
Bakı. Trend:
Orta Dəhliz Çindən Avropaya Qazaxıstan, Özbəkistan,
Türkmənistan, Azərbaycan, Türkiyə, Qara və Xəzər dənizləri
vasitəsilə mallar çatdıran multimodal quru-dəniz nəqliyyat
dəhlizidir.
Bu barədə müstəqil qeyri-kommersiya tədqiqat və analitik mərkəzi
olan “Caspian Policy Center”in saytında yerləşdirilən məlumatda
deyilir.
Qeyd olunur ki, marşrut 4250 km-dən çox dəmir yolu xətlərini və
təxminən 500 km dəniz yollarını əhatə edir: “Onun ümumi uzunluğu
Rusiyadan keçən Şimal Dəhlizindən 2000-3000 km qısadır ki, bu da
onu sanksiyalara görə, alternativ edir, həmçinin logistika,
nəqliyyat və infrastruktur tikintisində biznesdən biznesə (B2B) və
hökumətdən biznesə (B2G) qarşılıqlı əlaqələr üçün yeni bazarlara
çıxış və yeni imkanlar açır.
Məlumata görə, təklif olunan və davam edən üç dəmir yolu
layihəsi Orta Dəhlizin bağlantısını əhəmiyyətli dərəcədə artıra
bilər.
“Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi həm Çin
bazarlarına, həm də Orta Asiya malları üçün dəniz marşrutlarına
çıxış təmin edəcək, Çin ixracına çıxışı yaxşılaşdıracaq və Orta
Asiya daxilində nəqliyyat əlaqəsini gücləndirəcək.
Özbəkistan və Qazaxıstanın Pakistana və beynəlxalq dəniz
marşrutlarına çıxışı olan Əfqanıstandan keçən dəmir yolu
marşrutunun inkişaf etdirilməsi səyləri dəniz nəqliyyatına çıxış
təmin edəcək və Orta Asiya ixracının daşınması üçün mühüm
alternativə çevriləcək”, – deyə beyin mərkəzi bildirir.
Orta Dəhliz regionun bir neçə ölkəsindən keçən və Asiyanı Avropa
ilə birləşdirən nəqliyyat ticarət marşrutudur. O, ənənəvi Şimal və
Cənub Dəhlizlərinə alternativ kimi xidmət edir.
Marşrut Çindən başlayır və Orta Asiya ölkələrindən keçir. Daha
sonra Avropaya çatmadan əvvəl Xəzər dənizi, Azərbaycan, Gürcüstan
və Türkiyədən keçir. Orta Dəhliz, Çin də daxil olmaqla, Asiyanın
şərq bölgələrini Avropa ilə birləşdirən daha uzun dəniz yollarını
keçən quru yoludur.
Caspian Policy Center (CPC) Vaşinqtonda yerləşən müstəqil,
qeyri-kommersiya tədqiqat və beyin mərkəzidir. Mərkəz Xəzər
regionunun iqtisadi, siyasi, enerji və təhlükəsizlik məsələlərinə
diqqət yetirir. Şərq və Qərbin kəsişməsində yerləşən Xəzər regionu,
zəngin təbii sərvətləri, geosiyasi rəqabəti və iqtisadi inkişafı
sayəsində getdikcə qlobal maraq doğuran əsas sahəyə çevrilir.

