
Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyi (FHN) avtonəqliyyat vasitələri
sürücülərinə müraciət edib.
Nazirliyin müraciətində bildirilib ki, təhsil müəssisələrində və
kütləvi tədbirlərin keçirildiyi məkanlarda “Son zəng” və “Məzun
günü” tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq avtomobil
yollarında hərəkətin intensivliyinin və nizamsız parklama
ehtimalının artacağı gözlənilir.
“Belə vəziyyətdə nəzərə almaq lazımdır ki, yollarda hadisə
yerinə tələsən xüsusi təyinatlı texnikalara, o cümlədən
yanğınsöndürmə və xilasetmə avtomobillərinə yol verilməməsi, habelə
nizamsız parklama baş verən yanğın, qəza və digər hadisələrin
nəticələrinin operativ aradan qaldırılması və mümkün zərərin
minimuma endirilməsi üçün həmin nəqliyyat vasitələrinin hadisə
yerinə vaxtında çatmasına çətinlik törədir.
Həmçinin, tikililərin giriş və həyətyanı ərazilərində, eləcə də
avtomobil yollarının hərəkət hissəsində, yanğına qarşı su təchizatı
sistemlərinə gedən yollarda və onların bilavasitə yaxınlığında
avtomobillərin park edilməsi, habelə parklama ərazilərindəki
nizamsızlıq və pərakəndəlik fövqəladə hadisə zamanı texnikaların
operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə mane
olur, yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan
suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz
edir”.
Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələri sürücülərinə
müraciət edərək onları müvafiq qaydalara riayət etməyə çağırıb.
“Belə ki, avtonəqliyyat vasitələrinin sürücüləri yollarda
operativ nəqliyyat vasitələri olan yanğınsöndürmə və xilasetmə
avtomobillərinə dərhal yol verməli, həmçinin avtomobillər yalnız
təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər
avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park
edilməlidir.
Xatırladırıq ki, avtomobil yollarında yanğınsöndürən və
xilasetmə avtomobillərinə yol verməyən sürücülər qanunvericiliklə
müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşımaqla yanaşı, yanğın,
qəza və digər fövqəladə hadisə ərazisinə vaxtında çatıb hadisənin
qarşısının alınması, ən əsası isə təhlükədə olan insan həyatının
xilas edilməsi işinə ciddi çətinlik törətməklə həm də mənəvi
məsuliyyət daşıyırlar”,-deyə müraciətdə bildirilir”, – FHN-dən
bildirilib.

