
İsmayıllı.Trend:
Əsas hədəf, sadəcə istehsal həcmini artırmaq deyil, hər
hektardan daha yüksək və keyfiyyətli məhsul əldə etmək, yəni aqrar
sahədə ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin
olunmasıdır.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası
Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və
akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına
dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində iyunun
12-də İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional
müşavirədə deyib.
Onun sözlərinə görə, Dövlət Proqramı, 2026-2030-cu illərdə kənd
təsərrüfatı məhsullarının istehsalı sahəsində dayanıqlı inkişafın
təmin edilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, daxili
istehsal potensialının, məhsuldarlığın, əlavə dəyərin və
ixracyönümlülüyün artırılmasını, intensiv və rəqabətqabiliyyətli
istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər
zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar
xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də
balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur.
“Heç şübhə yoxdur ki, aparılacaq müzakirələr Dövlət Proqramının
icra mexanizmlərinin dəqiqləşdirilməsinə və qarşıdakı illərdə aqrar
sahədə daha güclü nəticələrin əldə olunmasına töhfə verəcəkdir”. –
deyə o bildirib.

