
İsmayıllı.Trend:
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və
akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına
dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan
tədbirlərin həyata keçirilməsi üçün dövlət xətti ilə 2 milyard
manatdan çox, özəl sektordan isə təqribən 3 milyard manatdan çox
vəsaitin cəlb edilməsi nəzərdə tutulur.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası
Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və
akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına
dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində iyunun
12-də İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional
müşavirədə deyib.
Onun sözlərinə görə, qəbul edilmiş Dövlət Proqramının dörd il
yarım ərzində həyata keçirilməli olduğunu nəzərə almaqla, Prezident
tərəfindən bu Proqramın icrasına dərhal başlanılması tapşırığını
rəhbər tutaraq qarşımıza qoyulmuş vəzifələrin icrasına vaxt
itirmədən başlamalıyıq.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
qarşımıza qoyulmuş vəzifələrin icrasına bütün mərkəzi və yerli icra
hakimiyyəti orqanlarının əlaqələndirilmiş fəaliyyətinin təmin
olunması və özəl sektorun investisiya, habelə idarəetmə
imkanlarının səfərbər edilməsi nəticəsində tam nail ola bilərik”. –
o bildirib.
X.Əhədov qeyd edib ki, su və torpaq resurslarından səmərəli
istifadə əsas prioritetlərdəndir.
“Müasir suvarma sistemlərinin tətbiqi, təsərrüfatdaxili suvarma
şəbəkələrinin yaxşılaşdırılması, mövcud kanalların təmizlənməsi,
habelə fermerlərin maarifləndirilməsi xüsusi diqqət tələb edir”. –
Xalid Əhədov deyib.
X.Əhədov qeyd edib ki, aqrar sahədə məhsuldarlığın artırılması,
suvarma və enerji təminatının yaxşılaşdırılması, müasir
texnologiyaların tətbiqi və aqrotexniki tədbirlərin vaxtında icrası
yalnız bütün icraçı qurumların birgə fəaliyyəti nəticəsində mümkün
ola bilər.
“Bugünkü müşavirədə iştirak edən icra hakimiyyəti başçıları,
sahibkarlar və iri fermer təsərrüfatlarının nümayəndələri Dövlət
Proqramından irəli gələn aşağıdakı vəzifələrin icrasına xüsusi
diqqət yetirməlidirlər. İcra hakimiyyətinin başçıları Dövlət
Proqramı əsasında aidiyyəti qurumların nümayəndələri ilə birgə
aqrar bölmədə əsas istiqamətlər üzrə hədəf göstəricilərini və
nəticə indikatorlarını müəyyən edərək hər bir rayonun 2026-2030-cu
illər üçün sosial-iqtisadi inkişaf proqramının hazırlanmasını təmin
etməli, yerlərdə sahibkarlığın və yerli istehsalçıların
dəstəklənməsi, emal müəssisələrinin, silo və soyuducu anbarların
yaradılması, müasir suvarma sistemlərinin tətbiqinin
genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı,
xüsusən pambıqçılıq və taxılçılıq sahələrində məhsuldarlığın
artırılması ilə bağlı nəzərdə tutulan hədəflərə çatmaq üçün zəruri
olan bütün tədbirləri görməli, yerli imkanlardan istifadə etməklə
Dövlət Proqramının fermerlər və sahibkarlar arasında təbliğini
gündəlik vəzifələrinə çevirməli, bu işin əsas təşkilatçıları kimi
çıxış etməli, dövrün tələblərinə uyğun sistemli və kompleks
tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər. Təbliğatın
əsasında isə Prezidentin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş
müşavirədəki çıxışı dayanmalıdır. Şəhər, rayon icra
hakimiyyətlərinin hər bir işçisi, o cümlədən icra başçılarının
yerlərdəki nümayəndələri bu çıxışı dərindən öyrənməli və aparılan
təbliğat işlərində məhz ona söykənməli, bütün imkanlarını səfərbər
etməklə sahibkar və fermerlərin Prezidentin çağırışına qoşulmaları
üçün lazım olan bütün tədbirləri görməlidirlər. Dövlət Proqramının
icrası ilə əlaqədar təşkilatı işlərin həyata keçirilməsində əsas
məsuliyyət yerli icra hakimiyyəti orqanlarının və bu struktura
daxil olan bütün qurumların üzərinə düşür.
Dövlət Proqramının icrasında Prezidentin özəl sektorun rolunu
xüsusi vurğulaması bir daha onu göstərir ki, kənd təsərrüfatının
dayanıqlı inkişafı yalnız dövlət dəstəyi ilə deyil, fermerlərin,
aqroparkların, emal müəssisələrinin, logistika şirkətlərinin,
texnologiya və suvarma həlləri təqdim edən özəl sektor
subyektlərinin fəal iştirakı ilə mümkündür. Beləliklə qarşıdakı
dövrdə özəl sektor sadəcə istehsalçı kimi deyil, aqrar dəyər
zəncirinin əsas iştirakçısı və aparıcı qüvvəsi kimi çıxış
etməlidir. Fermer məhsul istehsal edir, emal müəssisəsi həmin
məhsula əlavə dəyər qatır, logistika və saxlama infrastrukturu
məhsul itkilərini azaldır, ixracatçı isə məhsulu xarici bazarlara
çıxarır. Nəzərə almaq lazımdır ki, bu zəncirin hər hansı bir
həlqəsi qırıldıqda, istehsalda əldə edilən nəticə iqtisadi dəyərə
tam çevrilə bilmir”, – deyə X.Əhədov qeyd edib.

