Ağsu Aqroparkında buğda məhsuldarlığının 80 sentnerə çatacağı gözlənilir – Atababa İsayev

Baş səhifə

İsmayıllı. Trend:

Ağsu Aqroparkında buğda məhsuldarlığının artım dinamikası davam
edir və 2026-cı il üzrə məhsuldarlığın hər hektardan 75-80 sentner
səviyyəsinə çatacağı gözlənilir.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Ağsu rayonunda yerləşən
aqroparkın direktoru Atababa İsayev İsmayıllıda Azərbaycan
Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura
məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair
2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsinə həsr
olunmuş Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə
deyib.

Onun sözlərinə görə, aqroparkda son illərdə tətbiq olunan müasir
texnologiyalar və suvarma sistemləri məhsuldarlığın əhəmiyyətli
dərəcədə yüksəlməsinə imkan verib.

A.İsayev bildirib ki, 2020-ci ildə aqroparka səfər edən
Prezident İlham Əliyevə suvarılan ərazilərdə buğda məhsuldarlığının
hər hektardan 50 sentner təşkil etdiyi barədə məlumat verilib.

“Bu gün böyük qürur hissi ilə bildiririk ki, 2025-ci ildə buğda
məhsuldarlığı hər hektardan 60-65 sentnerə çatıb. Hazırda isə
2026-cı il məhsulu üzrə inkişaf dinamikası davam edir və
məhsuldarlığın 75-80 sentner səviyyəsində olacağı gözlənilir”, –
deyə o qeyd edib.




Direktor vurğulayıb ki, ölkənin ərzaqlıq buğda ilə
özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə dəmir yolunun
tabeliyində olan 800 hektar ərazidə müasir pivot suvarma sistemləri
qurulub.

Onun sözlərinə görə, 2026–2030-cu illərdə əlavə 1000 hektar
ərazidə yeni pivot suvarma sistemlərinin yaradılması nəzərdə
tutulur.

A.İsayev qeyd edib ki, aqropark toxumçuluq sahəsində də müsbət
nəticələr əldə edib. Belə ki, ötən il satışa çıxarılan toxumların
həcmi 1500 ton təşkil etdiyi halda, cari ildə bu göstəricinin 2200
tona çatdırılması planlaşdırılır.

Direktor əlavə edib ki, hazırda müəssisədə 200-ə yaxın daimi
işçi çalışır, mövsümi dövrlərdə isə işçilərin sayı 250 nəfəri
ötür.

Bundan başqa, aqroparkda süd istehsalının illik 5 milyon litrə,
ət istehsalının isə 500 tona çatdırılması hədəflənir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir