
Bakı. Trend:
2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 1,4
faiz artıb və 129,1 milyard manat təşkil edib. 2025-ci ildə
adambaşına düşən ümumi daxili məhsul artaraq 12,6 min manat
olub.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu maliyyə naziri Sahil
Babayev Milli Məclisin bugünkü iclasında “Azərbaycan
Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun
layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, iqtisadiyyatın diversifikasiyası və
qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində, 2025-ci ildə
qeyri-neft sektorunda 2,7 faiz real artım əldə olunub, ÜDM-in 72
faizi və yaxud 92,3 mlrd. manatı qeyri-neft sektorunun payına düşüb
ki, bu da 2024-cü illə müqayisədə mütləq ifadədə 6,1 mlrd. manat
çoxdur.
“Qeyri-neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb.
Profositli tədiyə balansı, monetar və fiskal siyasətin sıx
əlaqələndirilməsi nəticəsində məzənnə sabitliyi qorunub. 2025-ci
ilin dekabr ayında illik inflyasiya 5,2 faiz, orta illik inflyasiya
isə 5,6 faiz təşkil etməklə hədəf diapazonunda qalıb”, – deyə
S.Babayev qeyd edib.
Onun sözlərinə görə, hesabat ilində əhalinin adambaşına düşən
nominal gəlirləri 7,6 faiz, orta aylıq nominal əməkhaqqı 9,3 faiz
artıb və bu göstəricilər inflyasiya səviyyəsini xeyli üstələyib ki,
bu da ölkədə sosial rifahın yaxşılaşdığını təsdiq edir.
Nazir, həmçinin cari ilin əvvəlinə ölkənin məcmu valyuta
ehtiyatlarının 85,1 milyard ABŞ dolları təşkil etdiyini
bildirib:
“Məcmu valyuta ehtiyatları xarici dövlət borcunu təqribən 17,7
dəfə üstələyib, 2025-ci ildə istehsal olunan ÜDM-in isə 112,1
faizinə bərabər olub. Azərbaycan ÜDM-dən artıq valyuta
ehtiyatlarına malik olan azsaylı ölkələrdən biridir. Belə yüksək
ehtiyat səviyyəsi makroiqtisadi sabitliyin, milli valyutanın
dayanıqlılığının və ölkənin xarici maliyyə öhdəliklərini yerinə
yetirmək qabiliyyətinin mühüm təminatıdır”.
S.Babayev 2025-ci ildə “Azəri light” markalı xam neftin bir
barelinin dünya bazarlarındakı satış qiymətinin orta hesabla 71 ABŞ
dolları səviyyəsində qərarlaşdığını, büdcədə nəzərdə tutulmuş
qiymət göstəricisi ilə müqayisədə 1,4 faiz artım olduğunu qeyd
edib.

