
Bakı. Trend:
2025-ci ilin dövlət büdcəsinin yerli gəlirləri 873 milyon manat
və ya proqnoza nisbətən 79 milyon manat çox, yerli xərcləri isə 717
milyon manat icra olunub.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu maliyyə naziri Sahil
Babayev Milli Məclisin bugünkü iclasında “Azərbaycan
Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun
layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, regionların mərkəzi büdcədən maliyyə
asılılığının azalması da 2025-ci ilin müsbət nəticələrindəndir:
“Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya əvvəlki illə
müqayisədə 25,2 milyon manat və ya 13,6 faiz azalıb. Yerli gəlirlər
hesabına xərclərini maliyyələşdirən şəhər və rayonların sayının
artması regionların iqtisadi və maliyyə potensialının gücləndiyini
göstərir. Beləliklə, ötən il fiskal orqanlar tərəfindən
daxilolmaların artıqlaması ilə təmin edilməsi və büdcə xərclərinin
səmərəli icrası hesabına dövlət büdcəsi profisitlə yerinə
yetirilib”.
S.Babayev əlavə edib ki, 2025-ci il icmal büdcənin gəlirləri 48
mlrd. manat, xərcləri isə 44,6 mlrd. manat təşkil edib, icmal büdcə
də profisitlə icra olunub.
Ümumilikdə, 2025-ci ildə ölkədə makroiqtisadi sabitliyin
qorunması, dövlət gəlirlərinin artırılması, qeyri-neft sektorunun
genişləndirilməsi, borc dayanıqlılığının təmin edilməsi və sosial
öhdəliklərin maliyyələşdirilməsi istiqamətində mühüm nailiyyətlər
əldə olunduğunu vurğulayan nazir qarşıdakı dövr üçün hədəflərdən də
danışıb.
“Əsas hədəf müsbət nəticələri möhkəmləndirmək, qeyri-neft
gəlirlərinin artımını sürətləndirmək, dövlət xərclərinin
səmərəliliyini yüksəltmək, büdcə sisteminin nəticəyönümlülüyünü
daha da artırmaqdır. Əminik ki, həyata keçirilən məqsədyönlü
iqtisadi və fiskal siyasət ölkəmizin maliyyə dayanıqlılığının
möhkəmlənməsinə, əhalinin rifahının yüksəlməsinə və inkişaf
hədəflərinə xidmət edəcək”, – deyə nazir qeyd edib.
Nazir bildirib ki, hesabat ilində kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq
təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin
maliyyələşdirilməsi üçün 504 mln. manat vəsaitin sərf edilib ki, bu
da 2024-cü illə müqayisədə 18,5 mln. manat və ya 3,8 faiz
çoxdur.
“Ötən il güzəştli ipoteka kreditlərinin verilməsi üçün 85 milyon
manat, sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə
hesablanmış faizlərə görə subsidiyanın maliyyələşdirilməsi üçün 15
milyon manat olmaqla, cəmi 100 milyon manat məbləğində vəsait sərf
olunub. Hesabat ilində dövlət adından yaradılan və dövlət sifarişi
əsasında görülən işlərin, xidmətlərin maliyyə təminatı üçün dövlət
büdcəsindən 44 publik hüquqi şəxsə 968 milyon manat məbləğində
vəsait ayrılıb. 2025-ci ildə iqtisadi fəaliyyətlə bağlı xərclər
üçün 7,6 milyard manat və ya büdcəsi xərclərinin 19,6 faizi
həcmində vəsait ayrılıb. Həmin mənbədən investisiya layihələrinin
həyata keçirilməsi üçün 2,3 milyard manat vəsaitin yönəldilməsi
təmin olunub”, – deyə S.Babayev qeyd edib.
S. Babayev həmçinin investisiya xərclərinin 1,7 mlrd. manatının
infrastruktur təyinatlı layihələrin, 303 mln. manatının sosial
sferaya aid olan obyektlərin, 98 mln. manatının ölkənin müdafiə,
məhkəmə, hüquq-mühafizə və digər sahələri üzrə obyektlərin
tikintisinə, yenidənqurulmasına və əsaslı təmirinə yönəldildiyini
vurğulayıb.
O bildirib ki, 2025-ci ildə ölkənin sosial-iqtisadi inkişafının
prioritet istiqamətləri və digər zəruri xərclərin icrası üçün tələb
olunan məbləğdə maliyyə vəsaiti tam və vaxtında təmin edilib.
Nazirin sözlərinə görə, 2025-ci ildə dövlət büdcəsinin xərcləri
proqnozun 93,2 faizi həcmində və ya 38,6 mlrd. manat icra edilib
ki, bu da 2024-cü illə müqayisədə 891 mln. manat və ya 2,4 faiz
çoxdur.
“Bütövlükdə, ötən 5 ildə dövlət büdcəsinin xərcləri 11,2 milyard
manat və ya 41 faiz artıb. Strukturuna görə dövlət büdcəsi
xərclərinin 22,1 milyard manatı və ya 57,3 faizi cari xərclərə,
14,4 milyard manatı və ya 37,3 faizi əsaslı xərclərə, 2,1 milyard
manatı və ya 5,4 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə
bağlı xərclərə yönəldilib”, – deyə S.Babayev bildirib.
Maliyyə naziri hesabat ilində icra olunmuş 22,1 milyard manat
məbləğində cari xərclərin 92 faizinin və ya 20,4 milyard manatının
qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılandığını
vurğulayıb.

