
Bakı. Trend:
Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının
və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ərazi
partiya təşkilatının birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə 15
iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə KOBİA-nın və YAP-ın Nərimanov rayon təşkilatının
nümayəndələri “Bakı KOB evi”ndə Ulu Öndərin büstü önünə gül
dəstələri qoyublar.
Tədbir öz işinə Azərbaycanın dövlət himninin səslənməsi,
Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü
uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir
dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və YAP Nərimanov
rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək Ümummilli Lider
Heydər Əliyevin ölkəmizin inkişafı istiqamətində gördüyü
genişmiqyaslı tədbirlərdən, Milli Qurtuluş Gününün tarixindən
danışıblar. Qeyd olunub ki, 15 iyun 1993-cü ildə xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı siyasi
xaos və müstəqilliyini itirməsi təhlükəsindən, vətəndaş
müharibəsindən xilas edib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə
həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində ölkədə
sabitlik bərqərar olub, sistemli şəkildə iqtisadi islahatlara
başlanılıb, sahibkarlığın inkişafı üçün əlverişli şərait
formalaşdırılıb. Həmçinin çıxışlarda Ümummilli Lider Heydər
Əliyevin ölkəmizin hərtərəfli inkişaf strategiyasının hazırda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyi qeyd edilib.
Tədbir çərçivəsində YAP sıralarına yeni qəbul olunmuş bir qrup
KOBİA əməkdaşına partiya vəsiqələri, eləcə də partiya fəaliyyətində
fəal iştirakına görə KOBİA-nın bir neçə əməkdaşına YAP Nərimanov
rayon təşkilatı tərəfindən təşəkkürnamələr təqdim edilib.

