
Bakı. Trend:
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş
ərazilərə köçürülən vətəndaşların sağlamlığının qorunması,
xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətlərin
əlçatanlığının artırılması məqsədilə səyyar tibbi müayinələri davam
etdirir.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bu çərçivədə növbəti aksiya Şuşa şəhərində təşkil olunub. Aksiya
zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri
İnstitutunun ixtisaslaşmış tibb heyəti tərəfindən yerli sakinlərə
kompleks tibbi xidmətlər göstərilib. Müayinələr xüsusi
avadanlıqlarla təchiz olunmuş səyyar klinikada aparılıb və modul
tipli mobil laboratoriyanın imkanları sayəsində müxtəlif diaqnostik
xidmətlərin yerində həyata keçirilməsi təmin edilib.
Aksiya çərçivəsində pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq,
şüa diaqnostikası və laboratoriya üzrə mütəxəssislər tərəfindən
flüoroqrafiya, rentgen, elektrokardioqrafiya (EKQ),
exokardioqrafiya, ultrasəs müayinəsi (USM), spirometriya, Mantou
sınağı və arterial qan qazlarının analizi kimi müayinələr icra
olunub. Müayinələr zamanı aşkarlanan sağlamlıq problemləri olan
şəxslərə dərhal tibbi məsləhətlər verilib, zəruri hallarda müalicə
təyin edilib və ixtisaslaşmış həkimlərə yönləndirmə aparılıb.
Tədbir zamanı ümumilikdə 180-ə yaxın Şuşa sakini tibbi
müayinələrdən keçib. Eyni zamanda iştirakçılara ağciyər
xəstəliklərinin risk faktorları, erkən əlamətləri və profilaktik
tədbirlər barədə maarifləndirici məlumatlar verilib.
Səhiyyə Nazirliyindən bildirilib ki, işğaldan azad olunmuş digər
ərazilərdə də analoji səyyar müayinə və maarifləndirmə
tədbirlərinin davam etdirilməsi planlaşdırılır. Bu tədbirlər
əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin regionlarda
daha geniş əhatə olunmasına xidmət edir.

