HDQ-də döyüş atışlı taktiki təlim keçirilib (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində
(HDQ) Hərbi Hava Qüvvələrinin (HHQ), Dövlət Sərhəd Xidmətinin Sahil
Mühafizəsinin (DSXSM) və Fövqəladə Hallar Nazirliyinin (FHN)
iştirakı ilə “Dənizdə və sahilyanı ərazilərdə kritik enerji
infrastrukturuna təhdidlər zamanı müdafiə əməliyyatlarının
aparılması” mövzusunda döyüş atışlı taktiki təlim keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, HDQ-nin döyüş, döyüş təminatı və təminat
gəmilərinin, eləcə də Dəniz xüsusi təyinatlı və Dəniz piyada
bölmələrinin də iştirak etdiyi təlim bir neçə mərhələdə həyata
keçirilib.

Təlimin məqsədi komandir heyətinin ekstremal vəziyyətlərdə
operativ qərar qəbuletmə bacarıqlarının və komanda-qərargah
fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də gəmilərin tək-tək və
taktiki qrup tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə
hazırlıqlarının yoxlanılması olub.

Plana əsasən təlimə cəlb olunan bölmələr “Həyəcan” siqnalı ilə
qaldırılaraq tam döyüşə hazırolma dərəcəsinə gətirilərək əməliyyat
rayonlarına çıxarılıb.

Təlimdə HDQ-nin və DSXSM-nin gəmi-taktiki və gəmi-zərbə
qrupları, eləcə də HHQ-nin insansız hava vasitələri tərəfindən
patrulaparma fəaliyyətləri, təxribat və hücum cəhdlərinin
qarşısının alınması, həmçinin hava, suüstü və sualtı vasitələrinin,
üzən minaların, bazalaşma məntəqələrinin məhv edilməsi və
zərərsizləşdirilməsi üzrə döyüş çalışmaları uğurla yerinə
yetirilib.

Sonrakı mərhələdə dəniz xüsusi təyinatlı bölmələri HDQ-nin və
DSXSM-in gəmiləri ilə qarşılıqlı fəaliyyətdə dənizdə və sahildə
yerləşən kritik infrastruktur obyektlərinin, sahilyanı ərazilərin
mühafizəsi və müdafiəsi tapşırıqlarını icra edib, şərti düşmənin
təxribat və hücum fəaliyyətlərinin qarşısının alınması məqsədilə
kəşfiyyat-diversiya qruplarının məhv edilməsi fəaliyyətlərini
yerinə yetirib, eləcə də HHQ-nin helikopterlərinin dəstəyi ilə
terrorçu qrupların bazalaşma məntəqələrinə eniş edərək adada və
sahilyanı ərazidə sığınacaqlarda gizlənmiş silahlı qrupları
zərərsizləşdirib.

Dəniz xüsusi təyinatlılardan ibarət Gəmi Əməliyyatları Qrupları
helikopterlərin havadan, DSX-nin və HDQ-nin artilleriya
katerlərinin dənizdən atəş dəstəyi ilə ələ keçirilmiş gəminin
dayandırılması, gəminin və girov saxlanılan insanların xilas
edilməsi üzrə döyüş tapşırıqlarını icra edib.

Dəniz piyada bölmələri terrorçu qruplar tərəfindən ələ
keçirilmiş yaşayış məntəqəsində saxlanılan girovların azad olunması
üzrə taktiki fəaliyyətləri yerinə yetirib. Terrorçu qruplar
tərəfində partladılan gəmidə yanğının söndürülməsi, yaralıların və
suya düşmüş insanların xilas edilməsi, eləcə də gəminin sualtı
hissəsinə quraşdırılmış minaların zərəsizləşdirlməsi üzrə
fəaliyyətlər HDQ-nin Axtarış Xilasetmə Xidmətinin, eləcə də FHN-in
gəmi və katerlərinin, dalğıc və xilasedicilərinin, yanğınsöndürmə
və xilasetmə helikopterlərinin cəlb edilməsi ilə yerinə
yetirilib.

İti sürətli xilasetmə katerləri vasitəsilə ağır yaralıların ən
qısa zamanda tibbi gəmiyə təxliyyəsi və onlara tibbi yardımın
göstərilməsi üzrə elementlər də bu mərhələdə icra edilib.

Sonda təlimə cəlb edilmiş qurumların gəmi, kater və xüsusi
texnikaların, eləcə də silahlanmaya yeni qəbul edilmiş silahlı
insansız dəniz vasitələrinin nümunəvi keçidi icra edilib.

Döyüş atışlı taktiki təlimdə əsas diqqət Xəzər dənizinin ümumi
su məkanında, Azərbaycana məxsus ərazi sularında və sahilyanı
ərazilərindəki kritik enerji infrastrukturunun mühafizəsi və
müdafiəsi üzrə tapşırıqların həllində digər qoşun növləri və
silahlı birləşmələrlə birgə fəaliyyətlərin təkmilləşdirilməsinə,
qarşılıqlı əlaqənin təşkilinə, həmçinin müxtəlif şəraitlərdə
gəmilərin idarə olunmasına yönəldilib.

Təlim iştirakçıları yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya
qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir