
Bakı. Trend:
Azərbaycan Hava Yollarının (AZAL) J2-285 və J2-291 nömrəli
Bakı-Naxçıvan reyslərini icra edən təyyarələr bölgədə hökm sürən
ildırımlı hava şəraiti və yağan dolu səbəbindən Bakıya geri
qayıdıb.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti
məlumat yayıb.
“Təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportuna müvafiq olaraq
21:27 və 21:32-də uğurla eniş edib.
Qeyd edək ki, əlverişsiz hava şəraitinin bu gün davam edəcəyi
gözlənilir. Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı
məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat
rejimdə icra edilməyə davam edəcək.
Məlumat üçün bildiririk ki, son günlər Naxçıvanda müşahidə
olunan qeyri-sabit hava şəraiti Bakı–Naxçıvan–Bakı marşrutu üzrə
reyslərin planlaşdırılmış qrafikə uyğun icrasını çətinləşdirərək
uçuş cədvəlində müəyyən dəyişikliklərə səbəb olub. Naxçıvanın
coğrafi yerləşməsi və dağlıq relyefi səbəbindən külək, görmə
məsafəsinin məhdudlaşması və sürətlə dəyişən meteoroloji şərait bir
çox hallarda uçuş əməliyyatlarına birbaşa təsir göstərir. Bu
səbəbdən uçuşların təhlükəsiz şəkildə yerinə yetirilməsini təmin
etmək məqsədilə hava şəraitinə uyğun olaraq operativ qərarlar qəbul
edilir.
AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın
təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və
beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə
həyata keçirilir”, – QSC-dən bildirilib.

