
Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Galaxy
Orientis” Çin–ASEAN İnvestisiya Platformasında (“CAIP” və ya
Proqram) iştirakı çoxtərəfli əməkdaşlığa inamın göstəricisidir.
Bunu Trend-ə
müsahibəsində “CGS International Securities” şirkətinin Aktivlərin
İdarə Edilməsi üzrə Qrup rəhbəri Ceyms Onq (James Ong) deyib.
O, əvvəlcə CAIP fəaliyyətinin ilkin mərhələsində diqqət
yetirilməsi planlaşdırılan strateji prioritetlərdən və əsas
sektorlardan bəhs edib:
“Çin ilə ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası)
arasında ticarət inteqrasiyasının dərinləşməsi və Cənub-Şərqi
Asiyada təchizat zəncirlərinin sürətli şəkildə yenidən formalaşması
fonunda CAIP bu struktur dəyişiklikləri dəstəkləyən sənaye,
səhiyyə, istehlak, biznes xidmətləri, texnologiya və digər
sahələrdə yüksək keyfiyyətli investisiya imkanlarını
dəyərləndirməyi hədəfləyir.
Bu bazarın miqyası kifayət qədər böyükdür. 2025-ci ildə ASEAN və
Çin arasında ikitərəfli ticarətin həcmi təxminən 1,05 trilyon ABŞ
dollarına çatıb və Çin ASEAN-ın ən böyük ticarət tərəfdaşı olaraq
qalır. Çin Ticarət Nazirliyinin məlumatına görə, Çinin ASEAN
ölkələrinə yönələn xarici investisiyaları 2024-cü ildə illik
müqayisədə təxminən 37 faiz artaraq 34,4 milyard ABŞ dollarına
yüksəlib. Bu göstərici Çin kapitalının regionun istehsal,
texnologiya və istehlak sektorlarına sürətlə yönəldiyini nümayiş
etdirir. CAIP institusional investorlar üçün ən fərqli imkanların
yarandığı məhz bu istiqamətlərə investisiya qoymağa çalışır.
İlk maliyyələşdirmə mərhələsini uğurla başa vurduqdan sonra
növbəti əsas prioritetimiz vəsaitlərin yerləşdirilməsidir. 2026-cı
ilin ikinci yarısında regionu əhatə edən bir fonda ilk
investisiyanın həyata keçirilməsi nəzərdə tutulur”.
C. Onq Azərbaycanın ARDNF vasitəsilə platformada iştirakı
fonunda rolundan, eləcə də ölkənin bu çərçivədə müəyyən potensial
layihələrdə iştirakı və ya liderliyi üçün xüsusi imkanlardan da
danışıb. O bildirib ki, ARDNF-nin iştirakı iki mühüm məqamı nümayiş
etdirir:
“Birincisi, bu, Çin–ASEAN iqtisadi dəhlizi konsepsiyasına
verilən dəstəyin göstəricisidir. Bu dəhliz artıq qlobal ticarətin
ən mühüm iqtisadi oxlarından birinə çevrilib və Cənub-Şərqi Asiya
dünyanın ən dinamik və perspektivli regionlarından biri olaraq
qalır. Dəhlizdən kənarda yerləşən suveren investorun bu təşəbbüsə
qoşulması həmin coğrafiyanın strateji əhəmiyyətinin güclü
təsdiqidir.
İkincisi, mürəkkəb qlobal bazarlarda fəaliyyət göstərmək üçün
suveren institutlar arasında əməkdaşlığın getdikcə daha vacib
xarakter almasını göstərir. İlk maliyyələşdirmə mərhələsində üç
suveren investorun iştirak etməsi institusional kapitalın
sərhədlərarası yerləşdirilməsinə çoxtərəfli yanaşmanın
göstəricisidir”.
Şirkət nümayəndəsi vurğulayıb ki, ARDNF platformaya xüsusi
institusional baxış gətirir:
“Fond müxtəlif geosiyasi mühitlərdə uzunmüddətli investisiyalar
həyata keçirmək təcrübəsinə və karbohidrogen gəlirlərinin idarə
edilməsindən formalaşmış mürəkkəb portfel quruculuğu yanaşmasına
malikdir. Eyni zamanda, ARDNF Asiyada inkişaf etmiş özəl
investisiya əməliyyatlarına malik olan CIC və INA kimi qurumlarla
əməkdaşlıqdan və çoxtərəfli suveren platformada fəaliyyət
göstərməyin yaratdığı institusional təcrübədən faydalanır.
Bu cür suveren əməkdaşlıq artıq birtərəfli kapital axını deyil,
bütün iştirakçı fondlara fayda verən model kimi qəbul edilir”.
C. Onq CAIP üzrə uzunmüddətli hədəflərindən, həmçinin Çin, ASEAN
ölkələri və Azərbaycan arasında əməkdaşlığı daha da gücləndirə
biləcək yeni layihələrdən bəhs edib:
“Proqram Çin və ASEAN ölkələri arasında ortaq inkişaf və
sabitliyə yönəlmiş əməkdaşlığın dərinləşməsi kontekstində fəaliyyət
göstərir. O, uzunmüddətli institusional kapitalın Çin–ASEAN
iqtisadi dəhlizinə yönəldilməsi üçün praktiki mexanizm rolunu
oynayır. İlk maliyyələşdirmə mərhələsində Çin, Cənub-Şərqi Asiya və
Avrasiya regionunu təmsil edən suveren investorların bir araya
gəlməsi bu dəhlizin potensialına olan çoxtərəfli etimadı nümayiş
etdirir.
CAIP ASEAN bazarlarına çıxmağa hazır olan, aydın strategiyaya,
rəqabət üstünlüklərinə və uzunmüddətli baxışa malik Çin
şirkətlərini dəstəkləyəcək. Bu şirkətlər yalnız böyüməyi deyil, həm
də regional və qlobal dəyər zəncirlərinə daha dərindən inteqrasiya
olunmağı hədəfləyirlər.
Eyni zamanda, platforma Çinlə daha sıx əməkdaşlıqdan faydalana
biləcək ASEAN şirkətləri ilə işləmək üçün də imkanlar yaradır. Bu
əməkdaşlıq texnologiyalara çıxışın genişləndirilməsi, təchizat
zəncirlərinin gücləndirilməsi və yeni biznes modellərinin
yaradılması istiqamətlərini əhatə edə bilər.
Bu baxımdan proqram yalnız kapital yerləşdirilməsi ilə
məhdudlaşmır. Məqsəd Çin–ASEAN iqtisadi dəhlizi çərçivəsində
bazarlar, sənayelər və biznes ekosistemləri arasında uzunmüddətli
kommersiya əlaqələrinin qurulmasıdır”.
Şirkət rəsmisi vurğulayıb ki, daha geniş mənada isə Çin,
Cənub-Şərqi Asiya və Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin
dərinləşməsi institusional investorların Asiya bazarlarına
yanaşmasını dəyişir. O qeyd edib ki, “CGS International” ilə ARDNF
arasında əməkdaşlıq, digər suveren tərəfdaşlarla olduğu kimi, hər
hansı bir fondun çərçivəsindən kənara çıxır.
“Regional kapital axınları inkişaf etdikcə, institusional
dialoqun davam etdirilməsi və tərəflərin strateji maraqlarına uyğun
olan yeni əməkdaşlıq formatlarının yaranacağı gözlənilir”, – deyə
C. Onq əlavə edib.
Bu ilin aprel ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu
(ARDNF), Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya
Qurumu birgə “Galaxy Orientis” Çin–ASEAN İnvestisiya Platformasını
(“CAIP” və ya Proqram) təsis edib. Sözügedən platforma Çin və ASEAN
regionu arasında uzunmüddətli investisiya imkanlarının
reallaşdırılmasına yönəlmiş suveren özəl kapital platformasıdır.
Proqram çərçivəsində ilkin mərhələdə təxminən 520 milyon ABŞ
dolları məbləğində vəsait cəlb olunmuş, ümumi hədəf həcmi isə 1
milyard ABŞ dolları olaraq müəyyən edilib.
Platforma Çin və ASEAN regionu arasında kapital axınlarının
təşviqi və sənaye əməkdaşlığının gücləndirilməsi məqsədilə üç
suveren fondun birgə idarəetmə mexanizmi əsasında fəaliyyət
göstərir. Çin – ASEAN ticarət əlaqələrinin dərinləşməsi və
Cənub-Şərqi Asiyada təchizat zəncirlərinin yenidən formalaşması
fonunda Proqram sənaye, səhiyyə, istehlak, biznes xidmətləri və
texnologiya kimi sahələrdə yüksək keyfiyyətli investisiya
imkanlarının dəyərləndirilməsini hədəfləyir.
Qeyd edək ki, “CGS International Securities” şirkəti CAIP
proqramının idarəedici tərəfdaşıdır (program manager). Proqramın
baş tərəfdaşı qismində çıxış edən “China Galaxy Securities”
şirkətinin beynəlxalq əməliyyatlar üzrə törəmə qurumu – “CGS
International Securities Pte. Ltd.” region üzrə geniş təcrübə,
əməliyyat infrastrukturu və Cənub-Şərqi Asiyada mövcud şəbəkələri
ilə platformanın fəaliyyətinə dəstək verir.
“CGS International Securities Pte. Ltd.” (“CGS International”)
“CGS”in beynəlxalq fəaliyyətini həyata keçirən törəmə qurumudur və
şirkətin qlobal biznesinin inkişafına məsuldur. “CGS”in güclü
institusional bazasına və qlobal, eləcə də ASEAN regionu üzrə dərin
bazar biliklərinə əsaslanaraq, “CGS International” qiymətli
kağızlarla ticarət, aktivlərin idarə edilməsi, investisiya
bankçılığı, analitik tədqiqat xidmətləri, sabit gəlirli alətlər,
valyuta və əmtəə əməliyyatları, strukturlaşdırılmış maliyyə
məhsulları və broker xidmətləri daxil olmaqla geniş xidmətlər
təqdim edir. Şirkət 10-dan artıq ölkə və regionda fəaliyyət
göstərir.

