
Bakı. Trend:
Cari ilin aprel ayında Azərbaycanın Milli Real Vaxt Rejimində
Hesablaşmalar Sistemi — AZIPS vasitəsilə aparılan tranzaksiyaların
həcmi 75,974 milyard manatı, sayı isə 201,1 mini ötüb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statistik
bülletendə bildirilib.
Məlumata görə, 2025-ci ilin eyni ayının göstəriciləri ilə
müqayisədə bu sistem vasitəsilə aparılan tranzaksiyaların həcmi
5,004 milyard manatdan çox və ya 7%, sayı isə 7,7 min ədəd və ya 4%
artıb.
Ötən ilin aprel ayında AZIPS vasitəsilə aparılan
tranzaksiyaların həcmi 70,970 milyard manatı, sayı isə 193,4 mini
ötüb.
Aprelin sonuna olan məlumata əsasən, bankların və “Azərpoçt”
MMC-nin sistemlərində dövriyyədə olan ödəniş kartlarının sayı
əvvəlki ayla müqayisədə 108 min ədəd artaraq 22 milyon 518 min
karta çatıb.
Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 9%
artıb.
“Debet kartlarının sayı 11% artdığı halda, kredit kartlarının
sayı 11% azalıb. Ödəniş kartlarının sayındakı artım nağdsız
ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ilin əvvəlindən
daxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə
müqayisədə 16% artıb.
2026-cı ilin aprel ayında kartlardan istifadə etməklə həyata
keçirilən daxili nağdsız ödənişlərin həcmi 9,094 milyard manat
təşkil edib. Bunun 7,969 milyard manatı elektron ticarətin payına
düşüb”, – deyə bankdan bildirilib.

