Sumqayıtda “Son zəng” keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

İyunun 13-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng”
tədbirləri keçirilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru
Eşqi Bağırov Sumqayıt şəhərində yerləşən Nizami Gəncəvi adına
Texniki və Təbiət Elmləri Liseyində keçirilən “Son zəng” tədbirində
iştirak edərək məzunları təbrik edib, onlara gələcək həyat və
təhsil yollarında uğurlar arzulayıb.

Eşqi Bağırov bildirib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə
Dövlət Agentliyi tərəfindən aparılan monitorinqlərə əsasən,
2025-2026-cı tədris ilinin sentyabr-dekabr aylarını əhatə edən
dövrdə şagirdlərin orta aylıq davamiyyəti əksər məktəblərdə 95-100
faiz intervalında olub:

“Yeni model üzrə təhsil alan şagirdlərin buraxılış imtahan
nəticələrinin təhlili onların göstəricilərinin müvafiq şəhər üzrə
ümumi orta balı mütəmadi olaraq üstələdiyini göstərir. Eyni
zamanda, 100 baldan aşağı nəticə göstərən şagirdlərin sayında da
ciddi azalma qeydə alınıb.




Qeyd edək ki, iyunun 13-də Azərbaycanın bütün ümumi təhsil
müəssisələrində bənzərsiz bir həyəcan və bayram ab-havası yaşanır.
Ölkə miqyasında səslənən “Son zəng” yüz minlərlə gənc üçün sadəcə
növbəti bir dərs ilinin bitməsini deyil, qayğısız məktəb illərinin
başa çatmasını və müstəqil həyatın astanasında tamamilə yeni bir
səhifənin açılmasını simvolizə edir. Sevinclə kədərin, unudulmaz
uşaqlıq xatirələri ilə gələcək ümidlərin qovuşduğu bu əlamətdar gün
hər bir məzunun yaddaşında ömürlük iz buraxır.

Cari tədris ilində ölkənin təhsil sistemində böyük canlanma və
irimiqyaslı göstəricilər qeydə alınıb. Bu il respublika üzrə
ümumilikdə 116 min 550 nəfər XI sinfi bitirərək məzun adını
qazanır. Onların da 55 min 954 nəfərini qızlar, 60 min 596 nəfərini
isə oğlanlar təşkil edir. Eyni zamanda, 131 min 407 şagird birinci
sinfi uğurla başa vuraraq ibtidai təhsilin ilk pilləsini
tamamlayır. Gələcəyin böyük şagird ordusunun təməli isə
məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmuş 107 min 529 azyaşlı
ilə qoyulub. Ümumilikdə, geridə qoyduğumuz tədris ilində ölkənin 4
min 194 ümumtəhsil məktəbində 1 milyon 678 min 621 nəfər şagird
təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 132 min 178 fədakar
müəllim məşğul olub.

Paytaxt Bakıda da göstəricilər olduqca diqqətçəkəndir. Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 410
məktəbdə ümumilikdə 530 min 988 şagird elmin sirlərinə yiyələnib.
Onlara 32 min 52 müəllim rəhbərlik edib. Paytaxt məktəblərində bu
il 41 min 941 nəfər birinci sinfi, 50 min 219 nəfər IX sinfi, 37
min 222 nəfər isə XI sinfi bitirir. Əyani-qiyabi tam orta məktəb və
qiyabi siniflər üzrə XII sinfi başa vuran 78 nəfər şagird də bu gün
məzunlar sırasındadır. Uğurlu təhsil strategiyasının davamı olaraq,
növbəti tədris ili üçün paytaxt üzrə məktəbəhazırlıq qruplarına
artıq 21 min 384 uşaq cəlb edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir