
Bakı. Trend:
Çağdaş Azərbaycanın tarixinə taleyüklü günlərdən biri kimi qızıl
hərflərlə yazılan 1993-cü il iyunun 15-dən bizi 33 illik zaman
ayırır. Ötən 33 ilin çağdaş tariximizə hansı uğur səhifələrini
yazdığını qeyd etmədən öncə, təbii ki, Milli Qurtuluşa gedən yolu
təhlil edərək müasir müstəqil, qalib, ərazi bütövlüyü və
suverenliyi tam bərpa olunmuş Azərbaycanın bu günü üçün kimə borclu
olduğumuzu indiki və gələcək nəsillərə çatdırmalıyıq. Ümummilli
Lider Heydər Əliyevin adı ilə bağlı olan 15 İyun – Milli Qurtuluş
Günü özündə bütün məqamları ehtiva edir. Həmin gün Azərbaycan
tarixinin şanlı qürur səhifəsinə çevrildi. Azərbaycanın ən ağır
günlərində Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışı nəticəsində ölkəmiz dərin ictimai-siyasi və
iqtisadi böhrandan xilas oldu, davamlı inkişafın sarsılmaz
təməlləri qoyuldu. Dahi şəxsiyyət Heydər Əliyevin “Müstəqilliyin
əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanması, daimi
və əbədi olması bundan da çətindir” çağırışı müstəqilliyimizin
bərpasının ilk illəri ilə 1993-cü ildən sonrakı dövrün
reallıqlarının təhlili fonunda özünü daha aydın şəkildə nümayiş
etdirir. Bu çağırış Azərbaycanın dövlətçilik fəlsəfəsinin təməl
prinsiplərindən birini təşkil edir.
Bu fikirlər Milli Məclisin deputatı Vüqar Rəhimzadənin
məqaləsində yer alıb. Həmin yazını təqdim edirik.
Azərbaycanın müstəqil gələcəyi üçün möhkəm baza
yaradıldı
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider
Heydər Əliyevin dövlətimiz, xalqımız qarşındakı misilsiz
xidmətlərindən bəhs edərkən hakimiyyətinin birinci dövründə
(1969-1982-ci illər) gördüyü işlər xüsusi qeyd edilir. Çünki o
illərdə bu günümüz üçün möhkəm baza yaradılıb. Azadlıq və
müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə
başladığı həmin illər Azərbaycanın quruculuq salnaməsinin parlaq
səhifələrindəndir. Ulu Öndərin tarixi yaddaşın bərpası
istiqamətindә atdığı qətiyyətli addımlar milli ruhun canlanmasına
xidmət göstərdi, özünüdərki və soykökə qayıdışı təmin etdi,
müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrildi.
Ümummilli Lider 1969-1982-ci illərdə Azərbaycanı geridə qalmış
aqrar respublikadan sənayesi güclü, iqtisadiyyatı və mədəniyyəti
çiçəklənən qüdrətli bir diyara çevirdi. Onun məqsədyönlü siyasəti
sayəsində ölkə həyatının bütün sahələrində köklü və müsbət
dəyişikliklər baş verdi. Azərbaycan keçmiş İttifaq miqyasında
geridə qalan ölkələrin sırasından çıxaraq, ən qabaqcıl
respublikalardan biri oldu. Yüzlərlə yeni sənaye müəssisəsi, zavod
və fabrik istifadəyə verildi. Ümummilli Lider Heydər Əliyevin
qətiyyəti sayəsində azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu
ali məktəblərində təhsil alması təmin edildi, hərbi kadrların
hazırlanması məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Lisey
yaradıldı. Bu addımlar Azərbaycanın müstəqil gələcəyinə hesablanıb.
İttifaq rəhbərliyinin təzyiqlərinə baxmayaraq, Azərbaycan dilinin
dövlət dili statusu alması Konstitusiyada təsbit edildi. Dövlət
başçısı İlham Əliyev həmin dövrü belə xarakterizə edir: “Azərbaycan
xalqının faciələri Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən
sonra başlayıb. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş
erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları
ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən
çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ
qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlayıb.
Şübhə yoxdur ki, Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç
vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət
etməzdilər. Həm erməni millətçiləri, həm də ovaxtkı Azərbaycan
rəhbərliyində təmsil olunmuş milli satqınlar faktiki olaraq
birləşərək Heydər Əliyevə qarşı çirkin şər, böhtan kampaniyası
aparmışdılar. Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər
Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu. Baxmayaraq ki,
siyasi fəaliyyətdən kənarda qalıb, amma Ulu Öndər hər zaman
Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir
döyünürdü və xalqımız üçün ağır günlərdə – 20 Yanvar faciəsindən
sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz o
çatdırmışdır”.
Xaos, özbaşınalıq tüğyan edir, erməni işğalının
coğrafiyası genişlənir, iqtisadiyyat sürətlə çökür, insanların
sabaha inamı itirdi…
Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edən
antimilli ünsürlərin Azərbaycanı hansı təhlükələrlə, faciələrlə
üz-üzə qoyduqları hər zaman tariximizin qara səhifəsi kimi
vərəqlənir. Hakimiyyəti silah gücünə zəbt etmiş AXC-Müsavat
cütlüyünün səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması,
ölkədə fəaliyyət göstərən silahlı dəstələrin törətdikləri qanunsuz
əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və
parçalanma meyillərinin baş qaldırması, bütün bunların ölkənin
daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması
Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə
qoymuşdu. AXC-Müsavat cütlüyü yalnız qanunsuz yolla zəbt etdiyi
hakimiyyətini saxlamağı düşünərək ölkəmizə faciələr yaşatmışdı.
Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı.
Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə
gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. AXC-Müsavat
cütlüyünün birillik hakimiyyəti ölkədə anarxiya, xaos və
özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin
sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə
nəticələndi.
Azərbaycanı sonu görünməyən bəlalardan qurtaran
xilaskarlıq missiyası
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən
işğalının davam etməsi, getdikcə gərginləşən siyasi vəziyyət,
əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan
xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac
olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idilər
ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və
dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz dahi
lider Heydər Əliyevdir. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər
Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini
qəbul edib Naxçıvandan Bakıya gəldi. Taleyimizin həll olunduğu belə
bir ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən
hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə
misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi
pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün
sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən
qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf
yolunu müəyyən etdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu
Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını
təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş
qaldırmış qiyamın qarşısını aldı.
Qeyd etdiyimiz kimi, Ümummilli Lider Heydər Əliyevin
müstəqilliyimizin qorunub saxlanılması ilə bağlı çağırışı
Azərbaycanın dövlətçiliyini məhv olmaqdan qurtarmaq və suverenliyi
möhkəmləndirmək üçün atılan addımların ideoloji əsasını təşkil
etdi. Məlumdur ki, dövlət müstəqilliyinin qorunması ölkənin daxili
sabitliyinin təmin olunmasından, güclü iqtisadiyyat yaratmaqdan,
nizami ordu quruculuğundan, bir dövlət olaraq beynəlxalq aləmdə
özünü təsdiqdən və xarici siyasətin düzgün qurulmasından keçir.
Ümummilli Lider hakimiyyətə qayıdışı ilə özünün xilaskarlıq
missiyasını uğurla həyata keçirərək bütün bu amillərin ölkəmizin
həyatında öz əksini tapmasına nail oldu. Azərbaycanı tamamilə
yenidən quran Ulu Öndər Heydər Əliyev ölkəmizdə sabitlik yaratdı.
Sabitliyin, normal iqtisadi mühitin yaradılması fonunda
Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsi
istiqamətində mühüm addımların əsası qoyuldu.
Milli Qurtuluş Günü sadəcə bir təqvim bayramı
deyil…
1993-cü ildən indiyədək hər il 15 İyun-Milli Qurtuluş Günü
Azərbaycan xalqı tərəfindən sadəcə bir təqvim bayramı kimi deyil,
böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik əbədiyaşar bir gün
kimi sonsuz qürur hissi ilə qeyd edilir, xalqımız üçün əsl xilas
tarixi kimi dəyərləndirilir. 1993-cü il iyunun 15-də Ulu Öndər
Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.
1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər
Əliyevə verildi. 1997-ci ilin iyun ayında isə Azərbaycan
Respublikasının Milli Məclisi 15 iyun tarixini Milli Qurtuluş Günü
elan etdi. Qeyd etdiyimiz kimi, 1993-cü ildən etibarən bu şanlı
tarix ölkənin müstəqilliyinin qorunub saxlanması və davamlı
inkişafının başlanğıcı kimi qiymətləndirilir.
1993-2003: Tənəzzülü tərəqqiyə, çöküşü dirçəlişə,
ümidsizliyi inama çevirən illər…
Ulu Öndərin müasir müstəqil Azərbaycana rəhbərlik etdiyi
1993-2003-cü illər çağdaş tariximizdə tənəzzülü tərəqqiyə, çöküşü
dirçəlişə, ümidsizliyi xoşbəxt gələcəyə, inama çevirən dövr kimi
xarakterizə edilir. Ümummilli Lider Heydər Əliyevin bu günümüzə və
gələcəyimizə hesablanmış siyasəti nəticəsində Azərbaycanın
müstəqilliyi əbədi və dönməz oldu. Xalqımız öz təbii sərvətlərinin
əsl sahibinə çevrildi. Ulu Öndər Heydər Əliyevin səyləri
nəticəsində 1994-cü il sentyabrın 20-də dünyanın nəhəng transmilli
neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Bu günlərdə 46
ölkədən 276 şirkəti bir araya gətirən 31-ci Bakı Enerji Həftəsi
Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının Azərbaycana
qazandırdığı uğurların təqdimatı oldu. Azərbaycanın regional
əməkdaşlıqdan beynəlxalq miqyas alan əməkdaşlığa doğru inamla
irəliləməsi Ulu Öndərin neft strategiyasının təntənəsidir.
Dövlətimizin başçısı İlham Əliyevin 31-ci Bakı Enerji Həftəsinin
açılış mərasimində vurğuladığı kimi, müstəqil ölkə kimi yaşamaq və
irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii
sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin
ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Əgər bu gün
biz Azərbaycana nəzər salsaq bu sərvətlərdən necə istifadə
etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə,
enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki,
ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində
üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən
ölkələr üçün örnək olmalıdır.
Təbii ki, Azərbaycana bu örnəyi qazandıran Ümummilli Liderin
müasir müstəqil Azərbaycanın iqtisadi strategiyasını dünyanın
qabaqcıl ölkələrinin təcrübəsinə əsasən müəyyənləşdirməsi, iqtisadi
tərəqqinin hər bir ölkənin inkişafında əsas faktor olmasını əsaslı
şəkildə təhlil edərək malik olduğumuz resurslardan səmərəli
istifadəyə uğurlu yol açması oldu. Dahi şəxsiyyət, eyni zamanda,
neft gəlirlərindən səmərəi istifadənin, şəffaflığın təmin edilməsi
məqsədilə Dövlət Neft Fondunun yaradılmasını zəruri bildi və Ulu
Öndərin Fərmanı ilə 1999-cu ildə bu qurum yaradıldı.
1993-cü ilin iyunundan başlanan uğur, tərəqqi
yolu
Bu gün dünyaya səs salan tarixi Zəfərimizin, suverenliyimizin
tam bərpasının yaratdığı reallıqlar da Azərbaycanın 1993-cü ilin
iyunundan dahi lider, müdrik dövlət xadimi Heydər Əliyevin
rəhbərliyi ilə başlanan gələcəyə uzanan tərəqqi yolunun uğurlarının
məcmusudur. Dahi şəxsiyyət Ermənistanın Azərbaycana hərbi təcavüzü
ilə müşayiət olunan keçmiş Qarabağ münaqişəsinin ədalətli həlli
istiqamətində sülh danışıqlarının cəsarətli aparılması üçün güclü
ordunun mövcudluğunu vacib amil kimi önə çəkirdi. Onun ordu
quruculuğu sahəsində yaratdığı möhkəm təməl 2020-ci ildə xalqımızı
tarixi Zəfərə qovuşdurdu. Prezident, Azərbaycan Silahlı
Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
ilə dünya hərb tarixinə yazdığı yeni səhifə 44 günlük İkinci
Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” ifadəsinin
özündə ehtiva etdiyi gücün, qüdrətin, birliyin nəticəsidir.
Ümummilli Lider hakimiyyətə qayıdışı ilə öncə diaspor quruculuğunu
dövlət siyasətinin əsasına çevirdi. Dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımızın birliyi daha da möhkəmləndirildi, onların
bir mərkəzdən idarə edilmələri üçün 2001-ci ildə Dünya
Azərbaycanlılarının I Qurultayı keçirildi. Ulu Öndərin “Mən həmişə
fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”
müdrik çağırışı dahi liderin Vətən, xalq sevgisinin nümayişi
olmaqla yanaşı, həm də hər bir azərbaycanlının qarşısında qoyduğu
tələb idi-Vətən birdir, hər birimiz bu Vətən üçün çalışmalıyıq.
Demokratik islahatlar Azərbaycanı sivil dünyanın bir
parçasına çevirdi
Ümummilli Lider müstəqil Azərbaycanın inkişaf strategiyasında
iqtisadi və siyasi islahatların vəhdətinin qorunmasını əsas hədəf
kimi qarşıya qoydu. Dahi liderin müstəqil Azərbaycan Respublikasına
rəhbərlik etdiyi illərdə demokratik islahatlar ölkəmizin dünəninin,
bu gününün və gələcəyinin əsası kimi dəyərləndirildi. Ölkəmizdə
demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillər bərqərar
oldu. İnsan hüquqlarının qorunması, azad mətbuatın inkişafı,
seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi və
sair kimi mühüm amillərin təmin edilməsi Azərbaycanın dünya
miqyasında demokratik inkişafı nümunə olan ölkə kimi tanınmasında
əhəmiyyətli rol oynadı. Ümummilli Lider Azərbaycanı daim zirvələrdə
görmək istəyini ifadə edərək, xalqımızın imzasının imzalar arasında
olmasını, söz sahibliyini əsas çağırış kimi qarşıya qoyurdu. Dahi
rəhbərin atdığı hər bir addım Azərbaycanı necə görmək istəyinin
özündə ehtiva etdiyi modelin təqdimatı idi. Ümummilli Lider, eyni
zamanda, Azərbaycanın beynəlxalq aləmdə tanıtımı üçün müxtəlif
dövlətlərlə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar daxilində
əlaqələrin qurulması, əsas problemimiz olan keçmiş Qarabağ
münaqişəsinin həllində hüquqi bazanın yaradılması idi. Azərbaycanın
hazırda beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi,
artıq Qarabağ münaqişəsinin tarixin arxivinə atılması bu sahədə də
möhkəm təməlin yaradıldığını təsdiqləyir.
Ümummilli Liderin yaratdığı Yeni Azərbaycan Partiyası bu
gün respublikamızda gedən proseslərin mərkəzində
dayanır
15 İyun-Milli Qurtuluş Günündən başlanan yolun uğurlarından bəhs
edərkən Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni
Azərbaycan Partiyasının (YAP) uğurlu inkişafını, bu hakim siyasi
qüvvənin ölkəmizdə gedən proseslərin mərkəzində dayanmasını xüsusi
qeyd etməliyik. 1992-ci ilin noyabrın 21-də yaradılan partiya çox
qısa müddətdə iqtidar partiyasına çevrilərək tutduğu yola
sadiqliyi, sözlə əməl birliyi ilə cəmiyyətin bütün təbəqələrini
ətrafında birləşdirərək Azərbaycanın müstəqillik tarixinin həm
bələdçisinə çevrildi, həm də bugünkü uğurlarımızda böyük payı ilə
diqqətdədir. Hər dövrün çağırışları YAP-ın fəaliyyətinin əsasının
təşkil edir. Bu gün tam əminliklə söyləyə bilərik ki, Yeni
Azərbaycan Partiyası ənənələri olan partiyadır. YAP daim irəliyə
doğru inamlı addımları ilə Azərbaycanın dayanıqlı inkişafında öz
sözünü deyir. Tarixi Zəfərimizin reallıqları, müasir dövrün
çağırışları əsasında YAP yeni proqramını qəbul edərək “Biz birlikdə
güclüyük!” devizi altında biri-birindən mühüm uğurlara imza atır.
Ümummilli Liderin yaradıcısı olduğu, hazırda Prezident İlham
Əliyevin uğurla rəhbərlik etdiyi partiyanın sıralarında təmsil
olunan hər kəs böyük məsuliyyət hissini əməli fəaliyyəti ilə
təsdiqləməyə səy göstərir. Partiyanın 2021-ci ildə keçirilən VII
qurultayı ölkənin bu aparıcı siyasi qüvvəsinin bugünkü və gələcək
fəaliyyətinin yol xəritəsini təqdim etdi. Sözügedən qurultayda yeni
tərkibin formalaşması, yeni Nizamnamənin qəbulu, Veteranlar
Şurasının yaradılması və sair kimi mühüm məqamlar YAP-ın yenilikçi
partiya kimi dövrün çağırışlarını fəaliyyətində əks etdirməkdə nə
qədər maraqlı olduğunu nümayiş etdirdi. Dövlətimizin başçısı İlham
Əliyevin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin
birinci müavini təyin edilməsi bu gün partiyanın qarşıya qoyduğu
hədəflərə yüksək səviyyədə nail olmasını şərtləndirir.
2003-cü ildən sonrakı dövr: Qurtuluşdan başlanan yolun
ikinci mərhələsi
Göründüyü kimi, Milli Qurtuluşdan başlanan inkişaf yolunun
uğurlarının miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə
etmək mümkünsüzdür. 2003-cü ildən sonrakı dövr Qurtuluş yolunun
ikinci mərhələsi kimi xarakterizə edilir. Bu baxımdan Prezident
İlham Əliyev tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının
əhatə etdiyi 2023-cü ilə qədərki dövrlə bağlı ona ünvanlanan “Bu
gün ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanımızdan,
suverenliyimizi tam bərpa etmiş Azərbaycanımızdan son 20 illik
fəaliyyətə nəzər salsaq, hansı mənzərə canlanır? Biz bu 20 ildə
haradan-haraya gəlmişik” sualına cavabı diqqətəlayiqdir. Dövlət
başçısı bildirmişdir ki, son 20 ilin tarixi göz qabağındadır və
əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim
etmişdi. Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il
idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma
tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam
etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz,
xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər
halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki,
güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə,
xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər.
2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək
verildi: “Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə
yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən
başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin
edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq
təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq
görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri
bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni
zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.”
Prezident İlham Əliyev bu sualı 2024-cü ilin yanvarında yerli
televiziya kanallarına ənənəvi müsahibəsi zamanı cavablandırıb.
Müasir tariximizin yeni dövrü məhz 2023-cü il sentyabrın
20-dən sonra başlayır
Həmin müsahibədə dövlət başçısı onu da qeyd edib ki, son 20 ilin
tarixinə gəldikdə isə hər şey göz qabağındadır. Əgər biz bu haqda
geniş danışsaq, yəqin ki, bütün müsahibəni buna həsr etməli
olacağıq. Sadəcə olaraq, onu demək istəyirəm ki, bugünkü
Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr
sırasındadır. Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm
regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün
seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Bu gün ölkə
qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Biz əsas
vəzifəni ölkəmizin suverenliyini tam bərpa etmişik Prezident İlham
Əliyev Ümummilli Lider Heydər Əliyevin 1993-2003-cü illərdə
yaratdığı möhkəm təməl üzərində Azərbaycanı bütün sahələrdə daha da
gücləndirdi, inkişaf etdirdi, Zəfərə doğru apardı.
Bu gün azad edilmiş bütün torpaqlarımızda – Şuşada, Laçında,
Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə,
Xankəndidə, Xocavənddə, Xocalıda… üçrəngli Bayrağımız əzəmətlə
dalğalanır. Qarabağımız və Şərqi Zəngəzurumuz Azərbaycanın müasir
şəhərsalma təcrübəsini dünyaya təqdim edir. Böyük Qayıdış Proqramı
uğurla icra edilir. Sakinlərinə qovuşan şəhərlərimizin sayı 10-a
çatıb. Təbii ki, bu, son rəqəm deyil. Tezliklə azad edilən bütün
ərazilərimizin öz sakinlərinə qovuşmasının sevincindən,
Azərbaycanın dayanıqlı inkişafına verdikləri töhfələrdən bəhs
edəcəyik. Azərbaycanın dünyaya təqdim etdiyi ilklər sırasında
müharibədən dərhal sonra dirçəliş prosesinə başlaması da
dayanır.
Son beş ildən artıq dövrdə bütün bayramlarımızı, o cümlədən
Azərbaycanın müstəqillik tarixinin mühüm dönüş nöqtəsi, bugünkü və
gələcək inkişafının əsası olan Milli Qurtuluş Gününü qalib xalq
kimi daha yüksək əhvali-ruhiyyə, milli qürur hissi, Qələbə ovqatı
ilə qeyd edirik. Müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə
ərazisində prezident, parlament, bələdiyyə seçkilərinin keçirilməsi
Heydər Əliyev siyasətinin uğurlarının qürurverici səhifələridir.
Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycanın timsalında
dünya bu reallığın şahidi oldu ki, tarixin müxtəlif mərhələlərində
kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli
kimliyini, mübarizə ruhunu qoruyub saxladı, öz ideallarına həmişə
sadiq qaldı və XX əsrin sonlarında bərpa etdiyi dövlət
müstəqilliyini daimi, əbədi etdi. Bu gün Azərbaycan xalqımızın
milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində
müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir,
Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq,
qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, işğala, etnik təmizləməyə və
soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və
ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman
məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq
ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir.
Azərbaycan dünyaya sülh, enerji təcrübələrini təqdim edir. Hər
iki faktor sülhün, təhlükəsizliyin, əməkdaşlığın əsasıdır. Ölkəmiz
sülh və yeni əməkdaşlıq gündəliyinin müəllifi kimi tanınır.
Dünyanın hər bir sahədə qlobal gündəliyinin Azərbaycanda müzakirə
edilməsində mühüm amillərdən biri sabit, təhlükəsiz ölkə olmasıdır.
Ümummilli Lider Heydər Əliyevin kompleks tədbirləri özündə ehtiva
edən inkişaf strategiyasının son 22 ildən artıq dövrdə Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi istər daxili,
istərsə də xarici siyasətdə uğurlarımızı davamlı edir.
Qurtuluşdan başlanan yolun ümumiləşdirilmiş ifadəsi –
Qalib Azərbaycan
Qurtuluşdan başlanan yolun ümumiləşdirilmiş ifadəsi bugünkü
qalib Azərbaycandır. Bu gün paytaxt Bakımız ilə yanaşı, bütün
bölgələrimizdə, azad edilmiş ərazilərimizdə Milli Qurtuluş Günü ilə
bağlı silsilə tədbirlər keçirilir. Qurtuluşdan başlanan yol bundan
sonra da davam edəcək, Azərbaycanı yeni zirvələrə və qələbələrə
aparacaq.

