
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan
Kamboca Xalq Partiyası (KXP) Mərkəzi Komitəsi Daimi Komitəsinin
üzvü, Kamboca Krallığı Senatının sədr müavini Thun Vathana ilə
görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən məlumat verilib.
Görüşdə coğrafi uzaqlığa baxmayaraq, Azərbaycan və Kambocanın
dost ölkələr olduğu qeyd edilib, ölkələrimiz arasında mövcud olan
müsbət siyasi dialoqun bir çox sahələrdə əməkdaşlığın daha da
genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığı bildirilib.
Azərbaycan və Kambocanın BMT, Qoşulmama Hərəkatı və digər
beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı
dəstəyindən və tərəflər arasında mövcud olan səmərəli əməkdaşlıqdan
məmnunluq ifadə olunub.
Söhbət zamanı ölkələr arasında əlaqələrin dərinləşməsində
parlamentlərin rolu qeyd olunub. Milli Məclisin sədri Sahibə
Qafarova özünün Kambocaya rəsmi səfərini və səfər zamanı bu ölkənin
Baş naziri, Milli Assambleyanın və Senatın sədrləri ilə görüşlərini
xatırladaraq, Milli Məclislə Kamboca Milli Assambleyası arasında
imzalanmış Anlaşma Memorandumunun önəmini də vurğulayıb. Həmçinin,
deputatların qarşılıqlı səfərlərinin əhəmiyyəti, hər iki tərəfdən
nümayəndələrin Azərbaycan və Kambocada təşkil edilən tədbirlərdə
iştirakı qeyd edilib. Spiker beynəlxalq parlament təşkilatlarında,
xüsusilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində, həmçinin ASEAN
Parlament Assambleyasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Qonaq ölkəsinin Azərbaycanla bir çox sahələrdə, o cümlədən
parlamentlər çərçivəsində əlaqələrə böyük əhəmiyyət verdiyini qeyd
edib. Qonaq bu kontekstdə qarşılıqlı səfərlərin, həmçinin hər iki
ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının
əməkdaşlığının rolunu qeyd edib.
Görüşdə bu səfərin Yeni Azərbaycan Partiyasının Şuşada
keçirəcəyi “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda
sülh quruculuğu” mövzusunda beynəlxalq konfransda iştirak məqsədilə
həyata keçirildiyi qeyd olunaraq, ölkələrimizin siyasi partiyaları
arasında da əməkdaşlığın olması müsbət qiymətləndirilib. Spiker
Sahibə Qafarova tədbirdə iştirak edəcək qonaqların Azərbaycanın
mədəniyyət paytaxtı olan Şuşaya səfəri zamanı orada aparılan nəhəng
quruculuq işləri ilə tanış olacaqlarını da söyləyib. O, Azərbaycan
torpaqlarının 30 illik işğalı və işğaldan azad edilməsi haqqında
qonağa məlumat verib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də
fikir mübadiləsi aparılıb.

