“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

VI “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu olan
İdarəetmə bacarıqları imtahanı keçirilib.

İmtahan Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda
iki sessiya üzrə təşkil olunub. Analitik təhlil imtahanını uğurla
başa vuran 1468 namizəd İdarəetmə bacarıqları imtahanında iştirak
hüququ qazanıb.

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev
jurnalistlərə açıqlamasında müsabiqənin İdarəetmə bacarıqları
imtahanının 3 hissədən, “Sabit situasiya əsaslı tapşırıqlar”,
“Şaxələnən situasiya əsaslı tapşırıqlar” blokları və “Emosional
zəka” alətindən ibarət olduğunu söyləyib. O bildirib ki, imtahan
çərçivəsində iştirakçılara ümumilikdə 120 tapşırıq təqdim edilib.
İmtahanın ümumi müddəti 4 saat təşkil edib.

Fərhad Hacıyev qeyd edib ki, “Yüksəliş” müsabiqəsinin beynəlxalq
qiymətləndirmə prinsiplərinə uyğun şəkildə təşkil olunmasının
göstəricilərindən biri də xaricdə yaşayan iştirakçılar üçün distant
imtahan imkanının yaradılmasıdır: “Bu namizədlər üçün imtahan
proktorinq üsulu ilə, onlayn formatda və iki sessiya üzrə
keçirilib. Proses zamanı imtahan təhlükəsizliyinin və şəffaflığın
təmin olunması məqsədilə müasir texnoloji həllərdən istifadə
edilib. İmtahan nəticələri T-şkala əsasında hesablanacaq. Bu
qiymətləndirmə üsulu TOEFL, GMAT, SAT kimi bir sıra beynəlxalq
imtahanlarda tətbiq olunur və iştirakçıların nəticələrinin daha
obyektiv, müqayisəli və ədalətli şəkildə qiymətləndirilməsinə imkan
yaradır”.

İdarəetmə bacarıqları imtahanının nəticələri imtahan başa
çatdıqdan sonra 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində
təqdim olunacaq.




Əyani mərhələni uğurla tamamlayan iştirakçılar VI “Yüksəliş”
müsabiqəsinin yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar.
Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə müsabiqənin
builki qalibləri müəyyən ediləcək.

Qeyd edək ki, bu günədək “Yüksəliş” müsabiqəsinin VI mövsümü
üzrə ümumilikdə 17 min 651 namizəd qeydiyyatdan keçib. Onlardan
6112 nəfəri Analitik təhlil imtahanında iştirak edib. Növbəti
mərhələdə isə 1468 namizəd əyani mərhələnin son turu olan İdarəetmə
bacarıqları imtahanında iştirak hüququ qazanıb.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham
Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən,
intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan
perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini
və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək
məqsədilə təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən
birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat
məbləğində pul mükafatı əldə edirlər.

Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident
İlham Əliyev tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam
imzalanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir