15 İyun – Azərbaycanın qurtuluş tarixinin başlanğıcı

Baş səhifə

Bakı. Trend:

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız
Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu
ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır.”

Ulu Öndər Heydər Əliyev

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər
vardır ki, həmin tarixlər təkcə bir hadisəni deyil, bütöv bir
xalqın taleyində baş vermiş dönüşü ifadə edir. 15 İyun – Milli
Qurtuluş Günü də məhz belə tarixi günlərdən biridir. Bu tarix
Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılması, ölkədə
siyasi sabitliyin bərqərar olması və gələcək inkişaf yolunun
müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin Azərbaycan
Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin siyasi həyatında
yeni mərhələnin əsasını qoydu. Azərbaycan xalqı bu günü müstəqil
dövlətçiliyimizin xilasının başlanğıcı kimi qiymətləndirir. 1997-ci
ildə Milli Məclisin qərarı ilə 15 iyun tarixi Milli Qurtuluş Günü
kimi dövlət bayramı elan edildi.

1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan
qarşısında yeni imkanlarla yanaşı, ciddi problemlər də meydana
çıxmışdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü,
torpaqlarımızın işğalı, sosial-iqtisadi böhran, idarəetmə
sistemindəki problemlər və daxili siyasi qarşıdurmalar ölkəni
olduqca ağır vəziyyətə salmışdı.

Müstəqilliyin ilk illərində ölkədə mövcud olan siyasi
qeyri-sabitlik, qanunsuz silahlı dəstələrin fəaliyyət göstərməsi,
müxtəlif bölgələrdə separatçılıq meyillərinin güclənməsi və
hakimiyyət daxilində yaşanan qarşıdurmalar Azərbaycan dövlətinin
gələcəyini təhlükə altına salmışdı. Ölkədə iqtisadi tənəzzül
dərinləşir, əhalinin sosial vəziyyəti daha da ağırlaşırdı. Dövlət
institutlarının zəifləməsi və idarəetmədə yaranan problemlər
Azərbaycanın müstəqilliyinin davamlılığı ilə bağlı ciddi narahatlıq
yaradırdı.

Böhran xüsusilə 1993-cü ildə daha da kəskin xarakter aldı. Həm
cəbhə bölgəsindəki gərginlik, həm də ölkə daxilində baş verən
siyasi proseslər Azərbaycanı parçalanma və vətəndaş qarşıdurması
təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir mürəkkəb zamanda cəmiyyətdə
ölkəni bu vəziyyətdən çıxara biləcək təcrübəli, qətiyyətli və
uzaqgörən siyasi liderə ehtiyac olduğu barədə ümumi fikir
formalaşmışdı.

Azərbaycan xalqının böyük əksəriyyəti yaranmış böhrandan çıxış
yolunu məhz Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə
qayıdışında görürdü. Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə
malik olan Heydər Əliyevin ölkəyə rəhbərlik etməsinin Azərbaycanın
müstəqilliyinin qorunması üçün vacib olduğu düşünülürdü.

1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və ölkənin siyasi
dairələrinin təkidli dəvətini qəbul edərək Bakıya qayıtdı. Ölkədə
son dərəcə mürəkkəb və təhlükəli bir vəziyyətin hökm sürdüyü həmin
dövrdə onun bu qərarı Azərbaycan dövlətçiliyinin taleyində mühüm
dönüş nöqtəsinə çevrildi.

Hakimiyyət uğrunda mübarizənin və qeyri-sabitliyin hökm sürdüyü
bir şəraitdə Heydər Əliyev yaranmış vəziyyətin həlli istiqamətində
qətiyyətli addımlar atdı. O, həyatını təhlükə qarşısında qoyaraq
Gəncəyə getdi, baş vermiş qarşıdurmanın aradan qaldırılması və
ölkədə sabitliyin bərpa edilməsi üçün fəaliyyət göstərdi. Bu addım
onun dövlət və xalq qarşısındakı məsuliyyətinin təzahürü kimi
dəyərləndirilir.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası
Ali Sovetinin sədri seçilməsi ölkədə yeni siyasi mərhələnin
başlanğıcı oldu. Həmin gün Ulu Öndər üzərinə düşən tarixi
məsuliyyəti dərk etdiyini bildirərək Azərbaycanın dövlət
müstəqilliyini qorumağı, möhkəmləndirməyi və inkişaf etdirməyi əsas
vəzifə kimi müəyyənləşdirdi.

Heydər Əliyev həmin çıxışında deyirdi:

“Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı,
möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən
biri hesab edirəm”.

Bu siyasi xətt sonrakı illərdə Azərbaycan dövlətinin inkişaf
strategiyasının əsas istiqamətinə çevrildi. İlk növbədə ölkədə
ictimai-siyasi sabitliyin təmin olunması, qanunsuz silahlı
birləşmələrin zərərsizləşdirilməsi, dövlət idarəçiliyinin
gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı.

1993-cü ildən sonrakı dövr Azərbaycan tarixində dövlət
quruculuğu və inkişaf mərhələsi kimi xarakterizə olunur. Ölkədə
hüquqi dövlət quruculuğu istiqamətində mühüm islahatlar həyata
keçirildi, demokratik institutların formalaşdırılması,
qanunvericilik bazasının təkmilləşdirilməsi və beynəlxalq
əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl siyasət
aparıldı.

Bu dövrdə Azərbaycanın iqtisadi inkişaf strategiyasının təməli
qoyuldu. Enerji siyasətinin uğurla həyata keçirilməsi, beynəlxalq
iqtisadi əlaqələrin genişlənməsi və xarici investisiyaların cəlb
edilməsi ölkənin gələcək inkişafına mühüm töhfələr verdi.
Dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, ordu quruculuğu və
təhlükəsizlik sisteminin gücləndirilməsi də prioritet
istiqamətlərdən oldu.

Heydər Əliyev hər zaman ölkədə sabitliyin və vətəndaş
həmrəyliyinin vacibliyini vurğulayaraq bildirirdi ki,
ictimai-siyasi sabitlik olmadan heç bir inkişaf proqramının həyata
keçirilməsi mümkün deyil. Məhz sabitliyin təmin edilməsi
Azərbaycanın sonrakı uğurlarının əsasını təşkil etdi.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik
strategiyası sonrakı illərdə də davam etdirildi. Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində
Azərbaycan regional və beynəlxalq müstəvidə mövqelərini daha da
gücləndirdi, iqtisadi və hərbi potensialını artırdı, böyük
infrastruktur layihələri həyata keçirdi.

Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam
bərpa olunması dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri
kimi qiymətləndirilir. Bu nailiyyətlər Ulu Öndər tərəfindən əsası
qoyulan güclü dövlət quruculuğu siyasətinin davamıdır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Qurtuluş Günü
Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Bu fikir 15 İyun
hadisələrinin ölkənin gələcək taleyində oynadığı rolu aydın şəkildə
ifadə edir.

Bu gün 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının milli
birlik, həmrəylik və müstəqil dövlətçilik iradəsinin təcəssümü kimi
qeyd olunur. Bu tarixi gün ölkənin ən çətin sınaqlardan keçərək
sabitlik və inkişaf yoluna çıxmasının rəmzidir.

Azərbaycan dövlətinin bu gün əldə etdiyi siyasi, iqtisadi və
hərbi uğurların təməlində dövlətçiliyin qorunması, milli
həmrəyliyin təmin olunması və uzunmüddətli inkişaf strategiyasının
müəyyənləşdirilməsi dayanır. Bu baxımdan, 15 İyun təkcə keçmişin
xatirəsi deyil, həm də müasir Azərbaycanın formalaşmasının və
gələcək inkişafının əsas dayaqlarından biri kimi tariximizdə
yaşayır.

Sevil Mikayılova
Milli Məclisin deputatı, IPU vitse-prezidenti

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir