
Bakı. Trend:
Azərbaycan və Ermənistan arasında sülh prosesi bütün regionun
inkişafı üçün vacibdir.
Trend-in
tədbirdəki müxbirinin verdiyi məlumata görə, bu barədə Almaniyanın
Azərbaycandakı səfiri Ralf Horlemann Bakıda keçirilən mətbuat
brifinqi zamanı bildirib.
“Mən 2022-ci ilin avqust ayında Azərbaycana gəldim və sentyabr
ayında Azərbaycan və Ermənistan arasında böyük hərbi toqquşma baş
verdi. Qarabağ məsələsinin həllindən bir il keçdi. Sülh sazişi
prosesinin başlaması üçün isə daha iki ildən bir az vaxt lazım
oldu.
Bu, həqiqətən böyük irəliləyiş və mühüm nailiyyətdir.
Azərbaycanda olduğum müddətdə əsas prioritetlərimdən biri bu sülh
prosesini dəstəkləmək idi ki, bu da Azərbaycan, Ermənistan və bütün
regionun inkişafı, o cümlədən Asiya ilə Avropa arasında ticarətin
inkişafı üçün çox vacibdir”, – deyə səfir bildirib.
Səfir qeyd edib ki, Azərbaycan və Almaniya arasındakı
münasibətlər uzun tarixə malikdir, dostluq münasibətləridir və
tərəfdaşlığa əsaslanır.
“Əgər ilk alman köçkünlərinin Azərbaycana gəldiyi XIX əsrə nəzər
salsaq, görərik ki, bu münasibətlər həmişə praqmatik, sabit və
ardıcıl inkişaf edib. Bu gün bu, rəsmi səviyyədə də daxil olmaqla,
aktiv səfər mübadiləsində öz əksini tapır. Bu yaxınlarda, keçən il
Almaniya Prezidenti tarixdə ilk dəfə Azərbaycana səfər etdi. Eyni
zamanda, Prezident İlham Əliyev mənim burada olduğum müddətdə
ölkəmə bir neçə dəfə səfər edib. Ölkələrimiz bütün səviyyələrdə və
hər iki istiqamətdə səfərlər mübadiləsi aparır və bu da qarşılıqlı
maraq doğuran bütün məsələləri müzakirə etməyə imkan verir”, – deyə
o bildirib.
Horlemann qeyd edib ki, siyasi məsləhətləşmələr hər il
keçirilir.
O, vurğulayıb ki, Almaniyadan parlament nümayəndə heyəti də bu
yaxınlarda Azərbaycana səfər edib.

