
Bakı. Trend:
İyunun 15-də “STMEGİ” Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə
Fondunun və Dağ Yəhudilərinin İrsi Mərkəzinin birgə təşkilatçılığı
ilə Qubanın Qırmızı Qəsəbə ərazisində yerləşən Dağ Yəhudiləri
Muzeyində “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən
bu günə” adlı xüsusi fotosərgi və konsert proqramı təşkil
olunub.
Sərginin keçirilməsinin əsas məqsədi dağ yəhudilərinin əsrlər
boyu qorunub saxlanılan, nəsildən-nəsilə ötürülən, yerli icmanın
mənəvi və mədəni dəyərlərinin formalaşmasında mühüm rol oynayan
zəngin mədəniyyətini və musiqi irsini nümayiş etdirməkdir.
Tədbirdə millət vəkilləri, xarici ölkələrin Azərbaycanda
akkreditə olunmuş səfirləri, yerli icra hakimiyyəti orqanlarının
rəsmiləri və ictimai təşkilatların nümayəndələri iştirak
ediblər.
Tədbirdə çıxış edən Dağ Yəhudilərinin İrsi Mərkəzinin direktoru
İgor Şaulov dağ yəhudilərinin musiqi irsinin təkcə bir icmanın
mədəni sərvəti deyil, həm də Azərbaycanın multikultural
dəyərlərinin və zəngin mədəni müxtəlifliyinin ayrılmaz bir paraçası
olduğunu bildirib. O, Qırmızı Qəsəbənin tolerantlığın,
multikulturalizmin və birgəyaşayış ənənələrinin canlı simvolu
olduğunu vurğulayaraq bu formatlı tədbirlərin xalqlar arasında
mədəni dialoqun və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə
xidmət etdiyini qeyd edib. Çıxışının sonunda İqor Şaulov tədbirin
təşkilində xüsusi rol oynayan “STMEGİ” Dağ Yəhudilərinin Beynəlxalq
Xeyriyyə Fonduna təşəkkür edərək dağ yəhudilərinin tarixini,
adət-ənənələrini və musiqi mədəniyyətini gənc nəslə çatdırmaq üçün
bu formatlı tədbirlərin gələcəkdə də davamlı təşkil olunacağını
qeyd edib.
Tədbir çərçivəsində ziyarətçilərə Dağ Yəhudilərinin musiqi
mədəniyyətinin inkişafının müxtəlif mərhələlərini əks etdirən
tematik fotosərgi nümayiş olunub.
Bununla yanaşı sərgidə İsraildən xüsusi dəvət olunan “Jerusalem
Cantors Choir” ansablının yəhudi musiqi ənənələrini özündə əks
etdirən musiqi kompozisiyaları təqdim olunub.
Tədbir çərçivəsində rəsmilər və diplomatik nümayəndələr üçün
Qırmızı Qəsəbəyə tanışlıq səfəri təşkil olunub.

