Kvant texnologiyaları Azərbaycanda yeni neft və qaz ehtiyatlarının kəşfi üçün əsas vasitələrdən birinə çevrilə bilər – IonQ (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Kvant texnologiyaları Azərbaycanda yeni neft və qaz
ehtiyatlarının kəşfi üçün əsas vasitələrdən birinə çevrilə
bilər.

Bunu Trend
özəl videomüsahibəsində ABŞ-ın kvant platformaları sahəsində
aparıcı şirkəti olan IonQ-nun baş icraçı direktoru və direktorlar
şurasının sədri Nikkolo de Mazi bildirib.

Onun sözlərinə görə, kvant hesablamaları Azərbaycanın
energetika, nəqliyyat, kənd təsərrüfatı, telekommunikasiya və milli
infrastruktur kimi bir sıra iqtisadi sahələrində dönüş yarada, eyni
zamanda yüksək ixtisaslı yeni iş yerlərinin formalaşmasına və
uzunmüddətli iqtisadi artıma təkan verə bilər.

“IonQ tarixdə ən böyük kvant şirkətidir. Biz artıq 30 ildir
fəaliyyət göstəririk. 1995-ci ildə dünyada ilk kvant məntiq
qapısını yaratmışıq. 2020-ci ildə isə Nyu-York Fond Birjasında
listinqə çıxmışıq. Hazırda şirkətdə təxminən 1 500 əməkdaş çalışır,
onların 300-ə yaxını elmlər doktorudur, 800 nəfər yüksək elmi
dərəcəyə malik mütəxəssisdir və portfelimizdə 1 200-ə yaxın patent
mövcuddur. Biz təkcə kvant hesablamaları sahəsində deyil, həm də
kvant təhlükəsizliyi, kvant şəbəkələri və kvant sensorları
istiqamətlərində liderik. Azərbaycanın iqtisadiyyatını və onun
potensialını nəzərdən keçirərkən məni xüsusilə ruhlandıran məqam
ondan ibarətdir ki, kvant hesablamaları gələcəyin iş yerlərini
yaratmaqla yanaşı, gələcəyin iqtisadi artımını da təmin edir. Onlar
klassik maşın intellekti və ya GPU əsaslı süni intellektdən fərqli
olaraq iş yerlərini sıradan çıxarmır, əksinə, yenilərini
formalaşdırır. Bundan başqa, qərarvermə prosesində insan nəzarəti
qorunub saxlanılır. Klassik superkompüterlərin həlli üçün
yüzilliklər, hətta minilliklər tələb olunan məsələləri kvant
kompüterləri günlər, hətta saatlar ərzində həll edə bilir”, – deyə
o vurğulayıb.

Nikkolo de Mazi qeyd edib ki, Xəzər regionunun neft-qaz sektoru
IonQ üçün strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, kvant
texnologiyaları yataqların modelləşdirilməsi və quyuların
yerləşdirilməsini əhəmiyyətli dərəcədə təkmilləşdirə bilər.

“Biz hesab edirik ki, yataqların modelləşdirilməsi və quyuların
optimal yerləşdirilməsi kvant kompüterlərimizin köməyi ilə daha
səmərəli həyata keçiriləcək. Kvant sensorları vasitəsilə yeraltı
strukturların və relyefin təhlilini apara, kvant şəbəkələri
vasitəsilə isə təhlükəsiz rabitə təmin edə bilərik. Enerji sektoru
IonQ üçün xüsusilə maraqlıdır, çünki burada fundamental elmdən
başlayaraq kəşfiyyat, emal, daşınma, logistika və saxlanmanı əhatə
edən tam zəncir mövcuddur. Neft-qaz sənayesində topoloji məlumat
təhlili üsullarımız yeni ehtiyatların aşkarlanmasına kömək edə
bilər. Kvant sensorlarımız və peyk texnologiyalarımız enerjinin
ötürülməsi və nəqlinin optimallaşdırılmasına, qlobal tədarük
zəncirinin izlənilməsinə, eyni zamanda yeraltı relyefin təhlili
vasitəsilə yeni neft və qaz yataqlarının müəyyənləşdirilməsinə
imkan verəcək. Bundan əlavə, neft emalı zavodlarının fəaliyyətinin
səmərəliliyini artırmaq imkanına da malikik”, – deyə o
bildirib.

De Mazi əlavə edib ki, kvant kompüterləri ilə inteqrasiya
olunmuş iri GPU məlumat mərkəzləri enerji resurslarına malik
ölkələr üçün yeni investisiya istiqamətinə çevrilir.

“Əgər sizdə artıq GPU məlumat mərkəzləri varsa, kvant məlumat
mərkəzlərinə də ehtiyac yaranacaq və onların birgə fəaliyyəti vacib
olacaq. Klassik və kvant texnologiyalarını birləşdirən hibrid iş
proseslərini ilk quran şirkətlər və ölkələr üstünlük qazanacaq.
Düşünürəm ki, bu, Azərbaycan üçün mühüm imkandır”, – deyə o qeyd
edib.

Kvant hesablamaları enerji keçidini sürətləndirə bilər




Nikkolo de Mazinin sözlərinə görə, IonQ enerji saxlama
sistemlərinin inkişafına, akkumulyator texnologiyalarının
təkmilləşdirilməsinə və enerji keçidini dəstəkləyən yeni
materialların hazırlanmasına da töhfə verə bilər.

“Azərbaycanın 2030-cu ilədək enerji balansında bərpa olunan
enerjinin payını təxminən 30 faizə çatdırmaq hədəfi var. Bu isə
ölkəyə daha çox neft və qaz ixrac etməyə və dövlət gəlirlərini
artırmağa imkan verəcək. Kvant kompüterləri ağıllı şəbəkələrdə
enerji paylanmasını optimallaşdıra bilər. Biz həmçinin bərpa olunan
enerji mənbələrinin yüklənməsini yenidən bölüşdürə, enerjinin
saxlanması və müxtəlif vaxtlarda istifadəsini təmin edə bilərik.
Eyni zamanda, növbəti nəsil materialların modelləşdirilməsi və
hazırlanması günəş, külək və istilik enerjisinin səmərəliliyinin
artırılmasına, eləcə də enerjinin daha uzun müddət və daha böyük
həcmdə saxlanmasına şərait yarada bilər”, – deyə o izah edib.

Kvant texnologiyaları Orta Dəhlizin inkişafına təkan verə
bilər

IonQ-nun baş icraçı direktorunun sözlərinə görə, kvant
hesablamaları marşrutların və logistika proseslərinin
optimallaşdırılmasına da kömək edə bilər.

“Kvant peyklərimiz gəmilərin izlənməsinə yardım edəcək, kvant
sensorları isə GPS sistemləri sıradan çıxdıqda və ya siqnallar
bloklandıqda inertial naviqasiyanı təmin edə biləcək. Orta Dəhlizdə
müşahidə olunan problemlər dünya iqtisadiyyatının əhəmiyyətli
hissəsinə təsir göstərir. Belə genişmiqyaslı məsələlərin həllində
kvant kompüterləri problemlərə fərqli prizmadan yanaşmağa və yeni
həll yolları formalaşdırmağa imkan verir. Biz yük axınlarının
marşrutlaşdırılması və infrastrukturun inkişafı üçün yeni
yanaşmalar təklif edə bilərik. Bundan əlavə, kvant peykləri və
sensorları vasitəsilə Orta Dəhlizi izləmək, daha dəqiq naviqasiya,
mövqe və zaman həlləri – mahiyyət etibarilə yeni nəsil GPS
sistemləri təqdim etmək mümkündür. Bu, logistika zəncirinin bütün
iştirakçılarına istənilən anda öz mövqelərini dəqiq müəyyən etməyə
imkan verəcək. Nəticədə, Azərbaycan hökuməti üçün daha səmərəli
idarəetmə və nəzarət sistemi formalaşacaq, eyni zamanda nəqliyyat
marşrutlarının seçimi ölkə üçün daha sərfəli olacaq”, – deyə o
əlavə edib.

O, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün böyük
potensialın olduğunu vurğulayıb.

“Kənd təsərrüfatında kvant peyklərimiz əkin sahələrinin yüksək
dəqiqliklə monitorinqini, o cümlədən bitkilərin su və temperatur
stressinin təhlilini həyata keçirməyə imkan verəcək. Kvant-kimyəvi
modelləşdirmə fərdiləşdirilmiş biogübrələrin və pestisidlərin
hazırlanmasına şərait yaradacaq”, – deyə de Mazi bildirib.

Sahəvi istiqamətlərlə yanaşı, o, IonQ-nun Azərbaycanla
uzunmüddətli tərəfdaşlıq qurmaqda maraqlı olduğunu da qeyd
edib.

“İqtisadiyyatınızın bütün sahələri kvant kompüterlərimizin
müsbət təsirini hiss edəcək. Azərbaycan biznes fəaliyyəti üçün çox
əlverişli ölkədir. Hazırda əməkdaşlığın ilkin mərhələsindəyik və
Azərbaycana səfər planlaşdırırıq. Son illər ərzində ölkənin
inkişafını, iqtisadi artımını və qlobal iqtisadi sistemə
inteqrasiyasını diqqətlə izləyirik. Bu il və qarşıdakı illərdə
Azərbaycanla əməkdaşlığımızı əhəmiyyətli dərəcədə genişləndirmək
niyyətindəyik və yerli kommersiya şirkətləri də daxil olmaqla
müxtəlif tərəfdaşlarla işləməkdə maraqlıyıq. Süni intellekt və GPU
texnologiyaları yaxın gələcəkdə keçmişin texnologiyasına
çevriləcək. Hesab edirəm ki, bu, Azərbaycanın strateji baxış
nümayiş etdirərək digər ölkələri geridə qoyması üçün real
imkandır”, – deyə de Mazi bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir