
Bakı. Trend:
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin
bugünkü iclasında müzakirə olunan “Media haqqında” Qanunda
dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, müasir dövrdə milli informasiya təhlükəsizliyini
və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda
media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid
zərurəti yaranıb. Sözügedən mexanizm də öz növbəsində çap, onlayn
və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya
sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı
şərtləndirir.
Bu baxımdan qanun layihəsində vahid qurumun – Media və Yayım
Şurasının yaradılması, Şura ilə bağlı vəzifə və öhdəliklərin “Media
haqqında” Qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə
modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma
münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən effektiv
mexanizm kimi təqdim olunur.
“Media haqqında” Qanunda təklif olunan dəyişikliklər daxili
informasiya məkanının təhlükəsizliyini təmin etməyə, eləcə də yerli
medianın inkişafına təkan verməyə şərait yaradacaq.
Bütövlükdə təqdim olunan qanun layihəsi media sahəsində normativ
tənzimləmənin müasirləşdirilməsi, tətbiq mexanizmlərinin
gücləndirilməsi, hüquqi müəyyənliyin təmin edilməsi və beynəlxalq
standartlara uyğunluğun artırılması məqsədi daşıyır.

