
Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycana
gətirilən mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan
keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
Görülən tədbirlər çərçivəsində bu günədək kopyalanmış 73 056
IMEI koda “klon” statusu verilərək blok edilib. Araşdırmalar
nəticəsində məlum olub ki, kopyalanmış IMEI kodlarla 1 574 050 dəfə
Azərbaycanın mobil rabitə məkanında şəbəkəyə qoşulma cəhdi olub.
Bütün cəhdlərin qarşısı “AzInTelecom”a məxsus Mobil Cihazların
Qeydiyyat Sistemi (MCQS) tərəfindən aşkar edilərək alınıb.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların
qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən Azərbaycana
gətirilən mobil cihazların ölkə telekommunikasiya şəbəkəsində
istifadə olunması üçün onların IMEI kodları 30 gün ərzində
qeydiyyatdan keçirilməlidir. Qeydiyyat prosesini onlayn şəkildə
mygov portalında və ya fiziki formada poçt məntəqələrində həyata
keçirmək mümkündür.
Mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə
qarşı mübarizə həm abonentlərin hüquqlarının qorunmasına, həm də
mobil rabitə bazarında şəffaflığın təmin olunmasına xidmət edir.
“AzInTelecom” MMC vətəndaşlara mobil telefon almamışdan əvvəl
cihazın qutusu üzərində qeyd edilən İMEİ nömrəsini mygov portalında
yoxlamağı
və etibarlı satış məntəqələrinə üstünlük verməyi tövsiyə edir.

