
Bakı. Trend:
Halal sənayesi 3,5 trilyon dollarlıq bazardır və 2030-cu ilə
qədər bu rəqəmin 5 trilyon dollara çatacağı gözlənilir. Bu, çox
böyük iqtisadi imkanlar deməkdir.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu
Malayziyanın Xarici Ticarətin İnkişafı Korporasiyasının (MATRADE)
baş direktoru Raja Badrulnizam Bakıda İslam İnkişaf Bankı (İİB)
Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən “İnnovasiya,
etibar və qlobal inkişafı irəli aparan halal sənayesinin liderləri”
adlı tədbirdə deyib.
O bildirib ki, qlobal inkişaf kontekstində hər bir ölkə və
biznes subyekti fəaliyyətə ilk gündən qlobal bazarı nəzərə alaraq
başlamalıdır.
Onun sözlərinə görə, kiçik və orta sahibkarlıq subyektləri (KOB)
düzgün şəkildə hazırlanmalı, tənzimləyici çərçivələr
gücləndirilməli və dövlət-özəl sektor əməkdaşlığı
genişləndirilməlidir.
Raja Badrulnizam vurğulayıb ki, halal sertifikatlaşdırma mühüm
rol oynasa da, bu sahə təkcə sertifikatlaşdırma ilə
məhdudlaşmır.
“Burada əsas məqam məhsul standartları, etiketləmə, sınaqdan
keçirmə və bazar tələblərinə uyğunluqdur”, – deyə o bildirib.
MATRADE rəhbəri qeyd edib ki, təşkilat özünün 47 xarici ofisi
vasitəsilə KOB-ləri bazar tələbləri, giriş şərtləri və marketinq
imkanları barədə məlumatlandırır.
Onun sözlərinə görə, İslam İnkişaf Bankı (İİB) ilə “Reverse
Linkage” proqramı çərçivəsində əməkdaşlıq da bu istiqamətdə mühüm
rol oynayır.
O əlavə edib ki, istehsalçılar yalnız məhsul hazırlamaqla
kifayətlənməməli, eyni zamanda hədəf bazarların tələblərini
dərindən öyrənməlidirlər.
Raja Badrulnizam vurğulayıb ki, bu gün istehlakçıların etik və
məsuliyyətli istehlaka marağı artıb və halal sənayesi bu
istiqamətdə mühüm rol oynaya bilər.
“Halal standartları HACCP və digər beynəlxalq tələbləri də əhatə
etməli, həmçinin “toyibban” – yəni təmiz və keyfiyyətli məhsul
prinsiplərinə uyğun olmalıdır”, – deyə o bildirib.
O, çıxışının sonunda keyfiyyət və davamlılığın ixrac sahəsində
əsas uğur amili olduğunu qeyd edib.
“İxrac biznesində uğur üçün keyfiyyət, davamlılıq, şəffaflıq,
etibar və düzgün sertifikatlaşdırma standartları əsas şərtlərdir”,
– deyə MATRADE baş direktoru əlavə edib.

