
Bakı. Trend:
Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının ixrac
gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və
orta sahibkarlıq subyekti olan ixracatçılar tərəfindən ödənilmiş
gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarına görə, həmin
malların növündən və ixrac olunduğu ölkədən asılı olaraq, habelə
bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə
görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddi nəzərə alınmaqla,
dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya (bundan sonra –
ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi)
ödəniləcək.
Bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında istehsal
olunan qeyri-neft-qaz mallarının ixracının dəstəklənməsi məqsədilə
imzaladığı Fərmanda əksini tapıb.
Fərmana əsasən,
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi rüb
ərzində ixrac gömrük proseduru altında yerləşdirilmiş Azərbaycan
Respublikası mənşəli qeyri-neft-qaz mallarına görə mikro, kiçik və
orta sahibkarlıq subyekti olan ixracatçının müraciəti əsasında
həmin rüb bitdikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi tərəfindən ödəniləcək.
Fərmanın məqsədləri üçün ixrac olunan malların Azərbaycan
Respublikası mənşəli olması mənşə sertifikatı əsasında müəyyən
edilir. İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi
faktiki ixrac olunmuş mallara görə ödənilir. İxrac rəsmiləşdirilmə
xərclərinə görə kompensasiya dəstəyinin tətbiq olunduğu müddətdə
qeyri-neft-qaz mallarının ixracına münasibətdə gömrük nəzarətinin
həyata keçirilməsinə, gömrük müşayiətinə və malların saxlancına
görə gömrük yığımlarının məbləğinin artırılmasına yol verilmir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti ixrac
rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin 2026-cı
ildə ödənilməsinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini üç ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etməlidir. Həmçinin 2027–2031-ci illərdə ödənilməsinin
maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət
büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etməlidir.
Bundan başqa şamil olunmadığı əməliyyatların və şəxslərin
siyahısını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat verməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla aşağıdakı
normativ hüquqi aktları üç ay müddətində təsdiq edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat verməlidir:
- ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin
şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac edildiyi
ölkələrin (ölkə qruplarının) siyahısını; - bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə
xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı
həddini; - ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin
ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə
baxılması qaydasını; - bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri
tədbirlər görsün.
Fərman 2026-cı il sentyabrın 1-dən qüvvəyə minir və 2031-ci il
sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatlarına
münasibətdə tətbiq olunmaqla 2031-ci il dekabrın 31-dək
qüvvədədir.

